Bir neçə tanışım koronavirusdan ölüb - Zülfüqar Rüfətoğlu ilə MÜSAHİBƏ

Bir neçə tanışım koronavirusdan ölüb - Zülfüqar Rüfətoğlu ilə MÜSAHİBƏ
16:48 20 Aprel 2020
109 Digər
Ölkə mətbuatı
A- A+

Koronavirusa yoluxanlar sırasında bir çox dünya liderəri və onların doğmaları da var. Şahzadə Çarlzın bu virusa yoluxması da Böyük Britaniyada qlobal təlaşsız ötüşmədi. Həmsöhbətimiz, artıq uzun müddətdir ki, Britaniyada yaşayıb, məhsuldar fəaliyyətlə məşğul olan BBC Azərbaycan radiosunda çalışmış peşəkar jurnalist Zülfüqar Rüfətoğlu bu və digər məqamlara aydınlıq gətirdi.

Publika.az-ın həmsöhbəti jurnalist Zülfüqar Rüfətoğludur.

- Zülfüqar bəy, şəxsən tanıdığınız insanlar arasında koronavirusa yoluxanlar var?

- Təbii ki, var. Oğlumun bir sinif yoldaşının atası, digərinin babası koronavirusdan dünyasını dəyişib. Hətta yoluxub sağalan azərbaycanıların da olduğunu da bilirəm.

- Bu qərib durum, gözəgörünməz düşmənlə aciz savaş sizi ruhdan salır?

- Vahimə, xof yoxdur. Amma ümumiyyətlə, kədərli səhnədir. Böyük Avropa şəhərlərini bomboş görmək kədərlidir. Televiziya kanallarında yayımlanan həyəcanlı xəbərlərə baxmaq üzücüdür. İnsanların iztirabı, kədəri ağır fon yaradır. Bir növ adama elə gəlir ki, müharibədir. Hətta burada belə bir adət yaranıb. Hər gün axşam saat 8-də eyvana çıxıb, milli səhiyyə sisteminin işçilərini alqışlayırlar. Çünki onların da arasında ölənlər var. Günümüzün qəhrəmanlarıdır. Hətta bu alqış səhnələri belə insanda dərin hüzn yaradır.

- Dünya əhalisinin bugünkü təlaşını həyatınızın hansı ağır fraqmenti ilə müqayisə edərdiniz?

- Əhval-ruhiyyə baxımdan müqayisə etsəm, Bakının qanlı yanvarına bənzədərəm. Uzun müddət “Kommunist”, “Azərbaycan” qəzetlərində çalışmışam. Tez-tez cəbhə bölgələrinə gedirdik. Böyük bir narahatlıq duyğusudur. Bunun içində ümidsizlik də var. Bəli, işıq ucu görünür. Lakin o aydınlığa çatana qədər əhvalın qeyri-müəyyənliyi insanı üzür. Həmin illərin duyğuları yenilənir sanki.

- Peşəkar jurnalist kimi dünya mediasında yayılan “feyk” xəbərlərə münasibət bildirməyinizi istəyirəm. Sizcə, bu qədər dezinformasiya haradan qaynaqlanır? İngiltərədə də medianın durumu acınacaqlıdır?

- İngiltərə mediasını Azərbaycan, MDB ölkələri ilə müqayisə etsəm, əminliklə deyə bilərəm ki, “feyk” xəbərlərin sayı daha azdır. Çünki burada mətbuat senzurası yoxdur. Yanlış məlumatlara çox az yer qalır. Qəsd nəzəriyyələrinin konspirologiyasının tərəfdarı deyiləm. Biz jurnalistlər xəbər yazanda sırf faktlara söykənməliyik. Fərziyyələri qabartmaq peşəkarlıq deyil. Bu virusla əlaqədar feyk xəbərlərin yaranma səbəblərində biri də odur ki, çox yeni xəstəlikdir. Əslində yeni də andlandırmaq olmaz. 2003-cü ildə koronavirusa yoluxan olmuşdu. Ona SARS-COV-1 deyirdilər. İndi yayılan isə SARS-COV-2 adlanır. O vaxtkı virusunun yayılma sürəti çox aşağı idi, lakin daha çox adam dünyasını dəyişmişdi. 8000 nəfər yoluxmuşdu, 800 nəfər dünyasını dəyişmişdi. Lakin elə o vaxt virusun araşdırılmasına, peyvəndin hazırlanmasına pul xərclənmədi ki, yoxluxanlarda artıq immunitet formalaşıb. Virusun yenidən qayıdacağı məlum idi. Digər məsələ odur ki, virus uzun müddət Çin laboratoriyalarında araşdırılıb. 2015-2017-ci illərdə müəyyən alimlər bildirirdilər ki, belə bir virus var. Yayılma sürəti çox, öldürücülük gücü zəifdir. Məncə, feyk xəbərlərin yayılması siyasi səbəblərdən doğur. Bu tpli məlumatların çoxu Rusiyadan qaynaqlanır. İkinci səbəb isə virusun qeyri-aşkar xarakterli olmasıdır. Yəqin pandemiya bitəndən sonra qaydalar dəyişəcək. Laboratoriyaların nəyi, necə, niyə araşdırdıqları məlum olacaq. Məsələn bir sıra Amerika senatorları iddia edirlər ki, son onillik ərzində 3 epidemiya yayılıb. Hamısı da Çindən qaynaqlanır. Pndemiyadan sonra bu məsələ dərindən araşdırılmalıdır. Hətta Rusiyanın Xarici İşlər Nazirliyinin saytında bir xəbər yayılmışdı ki, virusun yayılması Böyük Britaniyanın siyasətidir. Çünki dünyada baş verən hadisələrdən kənarda qalıb. Düzdür, bir neçə saat içərisində bu xəbər saytdan götürüldü. Dünya əhalisinin sayının azaldılması fərziyyəsi də var. Versiyalar müxtəlifdir. Lakin mən heç birinə inanmıram, çünki fakt yoxdur. Ümid edirəm ki, mütəxəssislər laboratoriyalarda hərbi sirr kimi saxladıqları araşdırmalarını ictimaiyyətlə bölüşməlidirlər.

- İngiltərədə koronavirus vahiməsi ilə mübarizə nə yerdədir? Ölkə səhiyyə işçiləri əhalini son durumdan xəbərdar edirmi? Son müşahidələrimə görə artıq kritik vəziyyətdə olan İtaliyada vəziyyət yumşalır. Bəs Britaniya ilə bağlı ümidlənməyə dəyər?

- Maraqlı sualdır. Bildiyim qədər İtaliyada da, İspaniyada da insanları evdə saxlamaq problemi yaşanıb. Çünki azad xalqdırlar, azad doğulurlar. Nəzarət sevmirlər. Buna bir növ siyası məsələ kimi baxırlar. Baş Nazir müraciətində xalqdan rica etdi ki, evinizə yığışın. Əməl edilmədi. Lakin Boris Conson özü bu virusa yoluxandan sonra xalqa sərt şəkildə müraciət olundu ki, evinizdən çıxmayın. Çünki virusun xarakteri, yayılma sürəti, müalicəsi haqda heç nə bilinmir. Çətinlik bununla bağlı idi. Bəli, işıq ucu görünür. Ölənlərin sayı 11 mini keçib. Ümid edək ki, tezliklə vəziyyət stabilləşəcək. Nə qədər xətalı virus olsa da, digələri kimi yayılacaq, fəsadlarını törədəcək, immunitet yaranacaq və sovrulacaq. Amma sovrulacağını, yaxud yerinə yeni mövünün gələcəyini heç kim bilmir.

- Necə düşünürsünüz, özünütəcrid mağaralarımıza çəkilmişkən, yeni sənət cərəyanları yaranacaqmı?

- Elə siz deyən kimi yaradıcı insanlar üçün münbit şərait yaranıb. Adətən istedadlı adamlar tənbəl olurlar. Oturub yazmaq, yaratmaq problemləri ucbatından məhsuldarıqları az olur. Amma indi o qədər boş zaman yaranıb ki, özlərini yaradıcılığa verməkdən başqa şansları yoxdur. Bir müddət əvvəl ABŞ bu mövzuda bir neçə film çəkmişdi. Lakin məlumat çox az idi. Əminəm ki, bundan sonra daha güclü əsərlər yaranacaq.

- Məlum durumdan sonra bir çox ofislər distant iş prosesinə keçiblər. Hətta dərslər də onlayn şəkildə tədris olunur. Pandemiyadan sonra onlayn iş və tədris sisteminin daha geniş vüsət alacağı haqda nə düşünürsünüz?

- Təbii ki, xırda, orta bizneslərə yeni ideya oldu ki, distant iş prosesi daha ucuz başa gəlir, nəqliyyat xərcləri sıfıra enir. Siz dediyiniz hərəkat baş verəcək. Jurnalistikada bu təcrübə az da olsa görülmüşdü. Lakin gəlin, etiraf edək ki, redaksiya şəraitini, kollektiv tempini ev əvəzləmir. İstənilən halda incəsənətin bir sıra sahələrində insan təmasına ehtiyac duyulacaq və nə yaxşı ki, duyulacaq.

- Karantin durğunluğu bir sıra sahələrə mənfi təsirsiz ötüşməyəcək. Bəs sizcə, pandemiyadan sonra gündəlik həyatına geri dönən planet əhalisi ətrafına qarşı daha həssas, duyğulu yanaşacaqmı?

- Bu durum özümüzlə baş-başa qalıb həyatımızı gözdən keçirmək üçün əhəmiyyətli məqam olacaq. Missiyamızın, vəzifəmiznin fərqinə varacağıq. Təhlükəsizliyimizin, azadlığımızın qədrini biləcəyik. Ümid edirəm ki, hər kəsin bu günlərdə özü ilə qurduğu ünsiyyət bəşəriyyətin gələcəyi adına müsbət nəticələnəcək.

- Taclı virus həmçinin onu da sübut etdi ki, şahzadənin də, nazirin də başına çox rahat qona bilər, elə deyilmi?

- Şahzadənin, baş nazirin, kilsə xadimlərinin yoluxmağı onu göstərdi ki, varlı da, kasıb da, mömin də tanrının gözündə birdir. Gərək heç kim özünə güvənib, sinəsinə döyməsin. Şahzadə Çarlzın yoluxması isə monarxiyaya sevgisi olanların çoxunda narahatlıq yaratdı. Bildiyiniz kimi, kraliça rahatlığın, təlükəsizliyin, firavanlığın rəmzidir. Bu baxımdan insanlar üzüldülər. Lakin dediyim ki, bu durum padşahlara da, sultanlara da dərs oldu.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/311340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR