Məlahət Abbasovanın AzTV-dəki verilişinin bağlanma səbəbi bilindi

Əməkdar artist Məlahət Abbasovanın AzTV-də yayımlanan "Məlahətli söhbətlər" verilişinin yayımı dayandırılıb.

Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda İnstaqramda canlı yayımda deyib. O, jurnalist Əli Novruzəliyevin sualını cavablandıraraq incidiyini söyləyib.

Ötən həftə proqramı efirə getməyən M.Abbasova "Veriliş nə vaxt olacaq" sualına belə cavab verib:

"Yayımlanmayacaq, son verilişim oldu. Bununla bağlı açıqlama verəcəm. Çox səviyyəli veriliş olub. Xalq bu verilişi çox sevdi. İki dövlət, tək millət adına olan bir proqram idi. Türkiyənin ən tanınmış simaları qonaq oldu. Bu insanları Bakıya gətirmək asan deyildi.

Gözəl işlər baltalanmamalıdır. Xalqı maarifləndirən verilişlər olmalıdır. Yaxşı, sosial proqramlar olmalıdır, amma buna da dəstək durmalı idilər. Maddiyat güdülməməli idi. Türkiyədə teatr rəhbəriyəm, burada seriallardan nə qədər qazanmaq olur. Amma maddiyatı kənara qoyub, mənəvi dəyərlərə üstünlük verdim. Azərbaycan üçün nələrsə etməyə çalışdım. Ancaq son iki-üç gündə problem yaşandı. Mən itirmədim, kanal itirdi.

İzləyicilər iradlarını mənə yox, kanala bildirsinlər. Amma mənim üçün fərqi yoxdur, o kanal olmasın, başqasına gedəcəm".

Qeyd edək ki, "Məlahətli söhbətlər" bundan əvvəl ATV-də yayımlanırdı.

***

Dövlət televiziyasından Məlahət Abbasovanın açıqlamasına münasibət bildirilib. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov deyib ki, veriliş ərzində 3 iri şirkətin reklamı gedib:

“Amma təxminən 1 il müddətində kanala həmin reklamlardan 1 qəpik də olsun pul gəlməyib. Danışıq belə idi ki, Məlahət xanım həmin vəsaitdən verilişi işləyən çəkiliş qrupunun aylıq ödənişini etsin. AzTV bu yolla maksimum çalışdı ki, hər hansı maddiyyat güdmədən verilişə dəstək olsun. Amma sonra məlum oldu ki, kanal həm pulsuz reklam verməli, həm də yaradıcı heyətə pul ödəməlidir? Biz buna da göz yumduq və bu günə kimi bir söz demədən işçilərin ödənişini etdik. TV-dən azacıq anlayışı olan hər kəs gözəl bilir ki, kanalda reklam getsin və ödəniş olmasın, bu, nonsesdir. Lakin biz bunu etdik. Amma nə zamana qədər? Odur ki, Məlahət Abbasovaya heç olmasa reklamlardan gələn vəsaitdən yaradıcı qrupun ödənişini etmək xahiş olundu. Bu, olmayınca veriliş dayandırıldı”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR