Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, dövlət dəstəyi alan fərdi (mikro) sahibkarların bəzilərinə maliyyə yardımının bank hesabına təkrar köçürülməsi ilə bağlı bildiriş SMS-i göndərilib.
Metbuat.az xəbər verir ki, mesaj İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən göndərilib.
DVX-dən bildirilib ki, vergi ödəyicisinə təkrar gəlmiş SMS-lə bağlı məsələ araşdırılacaq:
“Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi birdəfəlik ödəmələrdir. Əgər həmin fərdi sahibkar pandemiyanın təsirinə məruz qalan sahələr üzrə çalışırsa və muzdlu işçisi varsa, təbii ki, həmin muzdlu işçilərin əməkhaqqına görə də müraciət hüququ vardır və bu halda muzdlu işçilərin əməkhaqqına görə müraciəti təsdiq olunacağı halda, ona maliyyə dəstəyi iki tranşla köçürülür. Lakin fərdi sahibkarlar üzrə maliyyə dəstəyi proqramından yalnız bir dəfə yararlana bilər”.
Tədbirlər Planına əsasən, sahibkarlara minimum 250 manat, maksimum 5 000 manat ödənilə bilər. (report)