Azərbaycanın sərt karantin rejimininin tətbiq edildiyi iri şəhər və rayonlarında kənd təsərrüfatı ilə məşğul olan şəxslərin hərəkətinə icazə verildiyi hallar məlum olub.
Metbuat.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin dəyişiklik etdiyi “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında öz əksini tapıb.
Qeyd olunub ki, sərt karantin günlərində kənd təsərrüfatı texnikasından istifadə oluna bilər. Rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı fəaliyyətə, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətlərinin fəaliyyətinə icazə verilir.
Bu sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı əsasında yol verilir. Fermer tərəfindən müvafiq arayış xüsusi karantin rejiminin sərtləşdirilməsinin nəzərdə tutulduğu günədək əldə edilir və arayışda fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, hərəkətinə icazə verilən ərazi və arayışın qüvvədə olduğu müddət göstərilir.
Qeyd edək ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Həmin müddət ərzində qeyd olunan ərazilərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).
Həmin müddət ərzində həmin yerlərdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.