27 il sonra azad edilən Kəlbəcər niyə əhəmiyyətlidir? –

Azərbaycanın ən yüksək dağ rayonu Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin qışında işğal olunmuşdu.

Düz 27 il sonra Ermənistan noyabrın 25-i Kəlbəcər rayonunu Azərbaycana qaytardı. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə 10 noyabr birgə bəyanatına görə, rayon noyabrın 15-də təhvil verilməli idi, lakin sonradan Ermənistana daha 10 gün vaxt verildi.

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Metbuat.az-a özəl müsahibəsində bildirdi ki, tarixi coğrafi baxımdan Kəlbəcər hər zaman Azərbaycan ərazisində formalaşmış dövlətlərə bağlı olmuşdur.

Bu mənada ərazi Qarabağ-Gəncə-İrəvan üçbucağında körpü rolunu oynamışdır.


''Kəlbəcər rayonunun işğaldan azad edilməsi Azərbaycan üçün həm strateji, həm siyasi, həm də iqtisadi baxımdan qələbə hesab edilə bilər. Müasir dövrdə isə Kəlbəcər Azərbaycanla Ermənistan adlandırılan ölkə arasında təbii bir qaladır. Hərbi mütəxəssislərin də fikirləri bundan ibarətdir ki, Kəlbəcərin hərbi yolla ələ keçirilməsi həddindən artıq çətindir və böyük resurslar tələb edir.

Kəlbəcərin azad edilməsi Azərbaycanın və birbaşa Ali Baş Komandan İlham Əliyevin siyasi qələbəsidir. Bu həm BMT tərəfindən qəbul edilmiş qətnamənin icrası, həm 90-cı illərin əvvəllərində siyasi-hərbi idarəçilikdə yaranmış xaos səbəbindən buraxılmış səhvlərin düzəldilməsi, həm də Dağlıq Qarabağ münaqişəsinin İlham Əliyev tərəfindən irəli sürülən hərbi-siyasi yolla həllinin ən doğru yol olduğunun göstəricisidir''.

Kəlbəcərin iqtisadi əhəmiyyəti nədən ibarətdir?

''İqtisadi baxımdan isə Kəlbəcərin əhəmiyyəti ümumiyyətlə misilsizdir. Bilirsiniz ki, müasir dünyada dövlətlər enerji resursları ilə yanaşı su ehtiyatları uğrunda da amansız mübarizə aparırlar. Kəlbəcər ərazisi həm şirin, həm də mineral su ehtiyatları ilə zəngindir. Tərtərçay, Bazarçay, Xaçınçay, Böyük və Kiçik Alagöllərin Azərbaycanın nəzarətinə qaytarılması bizə su ehtiyatları məsələsində xeyli yeni imkanlar açır.

Məlumdur ki, bu ilin yay aylarında su ehtiyatları ilə bağlı problemlər meydana çıxanda, işğal olunmuş ərazilərdəki qondarma rejim və Ermənistan Azərbaycanı çayların qarşısının alınması ilə təhdid edirdi. Artıq bu təhdid aradan qalxmış oldu.

Ermənilər işğal dövründə nə qədər oğurlasalar da, qanunsuz olaraq istismar etsələr də yəqin ki, Kəlbəcərdə qızıl, xrom, civə yataqlarının yeni imkanları müəyyənləşdiriləcəkdir''.

Elnur Kəlbizadə bildirdi ki, Kəlbəcər rayonu ərzaq təhlükəsizliyi baxımından da əhəmiyyətlidir.

''Məlumdur ki, işğaldan sonrakı dövrdə Azərbaycanda yarımköçəri heyvandarlıq təsərrüfatlarına ciddi zərbə dəymişdi. Kəlbəcər ərazisindəki yaylaqlardan, alp çəmənliklərinin imkanlarında istifadə edə bilməyən heyvandalar sürüləri yay vaxtı digər bəzi dağlıq rayonlarının o qədər də geniş olmayan yaylaqlarına aparmaq məcburiyyətində qalırdılar.

Bu isə heyvandarlığın inkişafına istər-istəməz öz mənfi təsirini göstərirdi. Bu baxımdan da hesab edirəm ki, Kəlbəcər rayonu keçmiş şöhrətini özünə qaytaracaqdır.

Proqnozlaşdırmaq olar ki, Azərbaycan dövləti Kəlbəcərin həm də turizm ehtiyatlarından səmərəli istifadə edəcək və buranı Qafqazın əsas turizm mərkəzlərindən birinə çevrirəcək. Azərbaycan Albaniyasına aid olan xristian məbədləri, İslam mədəni irsinin nümunələri, qalalar, körpülər burada tarixi turizmin, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları müalicə turizminin, rayonun aşıq sənətinin mərkəzlərindən biri olması mədəni turizmin, yüksək dağ zirvələri çağçılığın inkişaf etdirilməsinə imkan verəcəkdir''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı