İtaliyada yaşı 100-ü keçmiş insanların sayı hər ötən gün artır. Onların arasında İtaliyanın Nebbiuno şəhərində yaşayan Anna Possi də var. 1958-ci ildən bu yana əksər günlərdə gündəlik olaraq 12 saat çalışan Possi yaxın zamanda işini tərk etməyi düşünmür. Onun uzun ömür yaşamasının sirri nədir?
Metbuat.az xarivi KİV-ə istinadən xəbər verir ki, Nebbiuno İtaliyanın şimalında, Maggiore gölünə baxan kiçik bir şəhərdir. Şəhərin mərkəzində yerləşən "Bar Centrale" isə sakinlərin ən sevdiyi məkanlardan biridir.
Anna Possi hər gün səhər saat 7-də kafesini açır və axşam saat 19-da bağlayır. İtaliyada bu saatlar kafelər üçün adi görünə bilər, amma Possi öz kolleqalarından yaşına görə fərqlənir – o, 100 yaşında işləməyə davam edir.
Possi yaxınlarda İtaliya hökuməti tərəfindən onursal "Respublika Komandiri" nişanına layiq görülüb. Uzun illərdir yerli camaatın tanıdığı və sevdiyi tanınmış simalardan biri olaraq Nebbiuno şəhərinin simvoluna çevrilib.
"Heç vaxt istirahət etməmişəm"
Anna Possi bir neçə gün əvvəl "The Guardiana" müsahibə zamanı deyib: "Bazar günü, Pasxa, yaxud Milad bayramı fərq etməz, mən həmişə işləyirəm. Heç vaxt tətil etməmişəm". O, 1958-ci ildə "Bar Centrale" ilk dəfə qapılarını açdığı gündən bu yana iş rejimini dəyişmədiyini bildirir.
Possi həyat yoldaşı ilə açdıqları kafedə əvvəlcə espresso və kapuçino servisi ilə fəaliyyətə başladıqlarını, 1971-ci ildən isə içkilər üçün lisenziya aldıqlarını deyir. "Ən böyük dəyişiklik isə musiqi avtomatını aldığımızda yaşandı. Bar Centrale çox populyar oldu və uzaq yerlərdən belə müştərilər gəlməyə başladı. Burada rəqs edirdilər, masa futbolu oynayırdılar. Şəhərdəki ən müasir bar bizimki idi", – deyə Possi xatırlayır.
1974-cü ildə həyat yoldaşını itirən Possi özünü həm iki övladının böyüməsinə, həm də "Bar Centrale"yə həsr edib. Onun qızı Cristina, atasının ölümündən sonra Possinin həyatına başqa birisini daxil etmədiyini, yalnız ailəsinə və işinə fokuslandığını deyir.
Possi 1960-cı illərdən 1980-ci illərə qədər olan dövrü "Bar Centrale" üçün ən gözəl illər kimi xarakterizə edir. Milanın məşhur futbolçuları Gianni Rivera və Fulvio Collovati də daxil olmaqla bir çox tanınmış şəxs kafeni daxilən ziyarət edib. Bununla belə, Possi keçmişə bağlı biri olmadığını vurğulayır.
"Yaşamağa və insanların arasında olmağa davam etmək istəyirəm"
Possinin kafesi indi müasir dövrlə də ayaqlaşır. Kafedə əvvəllər musiqi avtomatı olmuşdusa, indi onun yerində müştərilərin oxumaq üçün istifadə etdiyi böyük bir kitabxana yerləşir. Ancaq Possi ənənələrdən tamamilə uzaqlaşmayıb – bazar günləri təklif etdiyi ev dondurması xüsusi məşhurdur.
"Hər səhər kompüterimi açıb xəbərləri və maliyyə bazarlarını izləyirəm. Hər gün yeni bir şeylər öyrənib baş verənləri daha yaxşı anlamaq istəyirəm", – deyən Anna Possi müasir texnologiyadan uzaq durmadığını vurğulayır.
Bu yaxınlarda 100 yaşını qeyd edən Possi yerli sakinlərlə yanaşı, kənardan gələn yeni müştərilərlə də tanış olmağa davam edir. "Mənimlə tanış olmaq üçün gəlirlər, çünki hələ də işlədiyimə inana bilmirlər. Gedərkən özlərini daha xoşbəxt və enerjili hiss etdiklərini deyirlər. Mən onlara nə yayıram, bilmirəm", – deyə o, zarafatla əlavə edir.
Possi uzun illər yaşamasının səbəbini daim sosial əhatədə olması ilə əlaqələndirir. "Melanxolik olmaq istəmirəm. İnsanlar arasında olmaq istəyirəm", – deyir və yaxın zamanda təqaüdə çıxmaq niyyəti olmadığını bildirir. Sağlamlığı imkan verdiyi müddətcə işləməyə davam edəcəyini deyən Possi gənclərə sevdikləri işi seçmələrini tövsiyə edir.
Qeyd edək ki, İtaliyada yaşı 100-ü keçmiş insanların sayı hər keçən gün artır. 2023-cü ilin sonuna olan məlumatla görə, ölkədə 100 yaşını keçən 22 min 552 nəfər var ki, onların böyük əksəriyyəti qadınlardır. Hazırda İtaliyanın ən yaşlı sakini Klaudiya Baccarini (114 yaş), onu isə Lucia Laura Sangenito (113 yaş) izləyir. Emma Moreno isə 117 yaşında dünyasını dəyişərək uzun müddət dünyada ən yaşlı insan ünvanını qoruyub saxlamışdı.