“Bu məsələ təcili həll olunmasa, ölüm sayı artacaq” –

COVİD-19-la bağlı ölkədəki vəziyyət göz önündədir. Hələ ki, xəstəliklə bağlı heç bir müsbət irəliləyiş yoxdur. Bildiyimiz müəyyən qabaqlayıcı tədbirlərdir ki, bununla yoluxmaqdan özümüzü bir qədər qoruya bilirik. İlk yayıldığı günlərdə necə ki, maska qıtlığı yaşandı, qiymətlər qalxdı kəllə çarxa, indi də xəstəliyin müalicəsində istifadəsi vacib olan bəzi dərmanlar ərşə çəkilib. Apteklərdə nə “Kleksan” tapmaq olur, nə “Paracetamol”, nə də ki “Arbidol”. Bax bu vacib preparatlar tapılmır. Qiymətlər də ki üç-dörd dəfə bahalaşıb, gözünüz aydın.

ARB TV-nin efirində yayımlanan Xəbərlər proqramında məsələ ilə bağlı ətraflı süjet hazırlanıb.

Xəstəliyin çoxaldığı bir vaxtda apteklərimizdə indi də qandurulaşdıran və istilik salan dərmanlar yoxa çıxıb.

Sakin: "Arbidol" yoxdur, "Kleksan" da yoxdur. Hər gün apteklərə baxıram, bilmirəm nə olub. Həyat yoldaşım dializ xəstəsidir, yaşaya bilmir, olmasa öləcək".

Sakin: “Deyildi ki, "Paracetamol" qanın durulaşmasına müsbət təsir edir. Ona görə də hamı toplu şəkildə alır, qıtlıq yaranır. Ona görə də indi "Paracetamol" tapa bilmirəm”.

Kəmalə Quliyeva (Aptek müdiri): “Bu həftə "Arbidol", "Kleksan" adlı dərmanların olacağı gözlənilir. Depoda da yoxdur, demək olar ki, 10 gündür, yoxdur. Gətirilməsi üçün məlumat veririk, tələbnamə yazırıq, inşallah, gələcəyi gözlənilir”.

Ruhiyyə Bilalova (Əczaçı): "Kleksan" üçün çox müraciət edirlər, amma hal-hazırda bizdə yoxdur. Şəhərə gəlmir ümumiyyətlə. Gətirilməsi üçün depoya müraciət edirik, depoda da yoxdur. Bir aya yaxındır ki, yoxdur. Deyəsən, ölkəyə gətirilmir”.

Hətta süjetdə belə məcbur qalıb bir neçə ay əvvəl çəkdiyimiz görüntülərdən istifadə etməli olduq. Çünki görüntüsünü çəkmək istəsək də gəzdiyimiz heç bir aptekdə adıçəkilən dərmanlardan "var" deyən olmadı. Virus əleyhinə istifadə edilən bu dərmanlarla bağlı yaşanan qıtlığı həkimlər özləri də təsdiqləyir. Bu çətinlikdən isə ən çox əziyyət çəkənlər, təbii ki, evdə müalicəyə cəlb olunanlardı.

Aytən İsmayılzadə (Həkim): “Çünki bu dərmanlar yoxdur. Apteklərdə, əczaxanalarda bu dərmanlar yoxdur, verilməyib. Biz isə evdə ağırlaşıb qalan xəstələrə doğru-düzgün dərman tapıb verə bilmirik. Bu məsələ təcili surətdə həllini tapmazsa, ölüm sayı artacaq”.

Dərman qıtlığı ilə yanaşı bahalaşma da müşahidə edilir. Əvvəlki qiymətlərlə indiki arasında fərq kifayət qədər yüksəkdir.

Sakin: "Kleksan" adlı dərmanın əvvəl bir qutusu 9 manat 60 qəpik idi, indi 26-27 manatdır. Hətta son vaxtlar 35-40 manata qaldırıblar qiyməti”.

Ölkədə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətini Tarif Şurası tənzimləyir. Bu, o deməkdir ki, pərakəndə və topdansatış qiymətləri artıq müəyyənləşdirilən dərmanlar baha qiymətə satıla bilməz. Əks təqdirdə qanunu pozanlar qanun qarşısında cavab verməlidir.

Şahin Nağıyev (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri): “Dövlət qeydiyyatına alınmış və qiymətləri dövlət tərəfindən tənzimlənmiş dərman vasitələrinin qiymətlərinin fərqli qiymətə satışına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət vardır və həmin məsuliyyətə görə müvafiq hüquqi və fiziki şəxslər məsuliyyətə cəlb olunurlar. Burada hüquqi şəxslərə 3 min manatdan 5 min manatadək məsuliyyət nəzərdə tutulmuşdur. Odur ki, hər bir aptek sahibi təsdiq edilmiş qiymətlərə əməl etməyə borcludur”.

Şahin Nağıyev deyir ki, xidmət bu sahədə mütəmadi monitorinq aparır. Dərmanların satışında qiymət artımı ilə bağlı quruma daxil olan bütün müraciətlər araşdırılır. Onu da qeyd edək ki, dövlət qeydiyyatına alınan bütün dərmanların rəsmi qiymətləri Tarif Şurasının, İqtisadiyyat Nazirliyinin, eləcə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib. Aptekə əlinizdə rəsmi qiymətlə də gedə bilərsiniz. Təbii ki, dərmanı tapsanız.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR