Azərbaycanın 2021-2024-cü illərdə büdcə-vergi siyasətinin əsas istiqamətləri AÇIQLANDI

.

Azərbaycanın 2021-ci il və sonrakı 3 il üçün büdcə-vergi siyasətinin əsas məqsədi yeni növ koronavirus infeksiyasının və neft qiymətlərinin kəskin enməsi şoklarının ölkə iqtisadiyyatına mənfi fəsadlarının aradan qaldırılması, iqtisadi artımın təşviqi və məşğulluğun qorunması istiqamətində görüləcək tədbirləri dəstəkləməklə və makroiqtisadi sabitliyə xələl gətirməməklə büdcə tarazlığının bərpası və dayanıqlığının təmin edilməsi, eləcə də neft sektorundan gəlirlərin dövlət büdcəsi gəlirlərindəki xüsusi çəkisinin dövrün sonuna azaldılmasından ibarət olacaq.

Metbuat.az xəbər verir ki, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Sənəddə bu məqsədlə növbəti və sonrakı 3 il üçün büdcə-vergi siyasətinin hansı istiqamətlərdə həyata keçirilməsi qeyd olunub.

Belə ki, əsas diqqət mövcud qlobal iqtisadi çağırışlara uyğun olaraq icmal büdcə xərcləri və Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin yuxarı həddinin büdcə qaydası ilə deyil, müvəqqəti olaraq daha yumşaq fiskal siyasət əsasında müəyyən edilməsinə, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində büdcə xərclərinin daha səmərəli, qənaətli və məqsədyönlü istifadəsini təmin etmək məqsədilə Ortamüddətli Xərclər Çərçivəsinin (OMXC) tətbiqi və nəticə əsaslı büdcə tərtibi mexanizminə keçid üçün hazırlıq işlərinin davam etdirilməsinə, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin koordinasiyasının gücləndirilməsi və büdcə xərclərinin pul proqramının parametrlərinə uyğun şəkildə tənzimlənməsi istiqamətində tədbirlərin davam etdirilməsinə yönəldiləcək.

Bununla yanaşı, ölkənin inkişaf hədəflərinə uyğunluğun təmin edilməsi məqsədilə dövlət borcunun idarə edilməsinə dair Strategiyanın yenilənməsi, qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üzrə dövlət qiymətli kağızlarının emissiyasının davam etdirilməsi, xarici maliyyə bazarlarındakı əlverişli konyunkturadan istifadə etməklə xarici dövlət borcu portfelinin restrukturizasiyasının aparılması, həmçinin, büdcə gəlirlərinin artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində yeni vergi təşəbbüslərinin müəyyən edilməsi, liberallaşdırmanın genişləndirilməsi, dövlət əmlakının özəlləşdirilməsində stumullaşdırıcı tədbirlərin təşkili, dövlət müəssisələrində mütərəqqi korporativ idarəetmə üsullarının tətbiq edilməsi yolu ilə onların səmərəliliyinin artırılması və dövlət büdcəsinə vergi və dividend məbləğlərinin artırılması daxildir.

Sənədə həmçinin qeyd olunub ki, 2025-ci ilədək dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın və hesabatlılığın artırılması, büdcə müzakirələrində ictimai iştirakçılığın təşviqi ilə bağlı tədbirlərin, həmçinin ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması istiqamətində işlərin davam etdirilməsi, ortamüddətli dövrdə gender perspektivinin büdcə prosesinə daxil edilməsi və genderə həssas büdcənin ilkin tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi, yaşıl iqtisadiyyatın təşviqi çərçivəsində iqlim dəyişikliyi ilə əlaqəli maliyyələşdirmənin büdcə prosesinə inteqrasiya edilməsi istiqamətində addımların atılması da prioritet istiqamətlərdən olacaq.

Vergi siyasəti və gəlirlər üzrə əsas istiqamətlərə gəldikdə, gələn və növbəti 3 ildə əsas siyasət səmərəli vergi sisteminin təşviq edilməsi, sahibkarlıq sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi, vergi və gömrük sahəsində güzəşt və azadolmaların optimallaşdırılması və onların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi, reyestrin aparılması istiqamətində tədbirlərin görülməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrində vergi yükünün ədalətli bölüşdürülməsi və ahəngdarlığının təmin edilməsi məqsədilə yeni vergi təşəbbüslərinin müəyyən edilməsini əhatə edir.

Bununla yanaşı, sözügedən illərdə elektron ticarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, rəqəmsal ödənişlərin instutusional mühitinin daha da yaxşılaşdırılması, nağdsız hesablaşma və ödəniş alətlərindən istifadə səviyyəsinin yüksəldilməsi və nağd əməliyyatların məhdudlaşdırılması, kölgə iqtisadiyyatının miqyasının azaldılması, o cümlədən təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflıq və hesabatlılıq tələblərinin gücləndirilməsi, sərnişin və yükdaşıma sahəsində avtonəqliyyat vasitələrində görə tətbiq olunan ödənişlərin optimallaşdırılması və dövlət əmlakının özəlləşdirilməsində stimullaşdırıcı tədbirlərin təşkili və investorlara daha əlverişli şəraitin yaradılması da nəzərdə tutulub.

Bundan başqa, ofşor zonalarla aparılan əməliyyatlar üzrə vergi nəzarətinin gücləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha təkmil müstəviyə gətirmək və s. əsas istiqamətlərdən olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR