"Bakı Metropoliteni"nin keçmiş rəisi vəfat etdi -

“Bakı Metropoliteni” QSC-nin kollektivinə ağır itki üz verib.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, metropolitenin veteranlarından biri, 1979-1987-ci illərdə Bakı metropoliteninin rəisi vəzifəsində çalışmış İqor Abbasoviç Xankişiyev bu gün 82 yaşında vəfat edib.

İ.Xankişiyev 1939-cu il, martın 17-də Bakıda anadan olub, 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu teplovoz və teplovoz təsərrüfatı ixtisası üzrə bitirib.

O, 1976-cı ildən metropolitenin baş mühəndisi, daha sonra rəisi vəzifələrində çalışıb. Həyatının 1987-2017-ci illəri əhatə edən dövrünü Bakıda yeraltı yolların tikintisinə həsr etmiş İ.Xankişiyev metro istismarı və inşaatında şərəfli əmək yolu keçib.

Metropolitenə rəhbərlik etdiyi 11 il ərzində Bakının yeraltı ictimai sərnişindaşıma nəqliyyatı SSRİ metropolitenləri arasında keçirilən sosializm yarışlarında dəfələrlə fərqlənərək, SSRİ Yollar Nazirliyi Baş Metropolitenlər İdarəsinin keçici Qırmızı bayraqlarına layiq görülüb. Həmin illərdə metropoliten sərnişinlərə xidmət mədəniyyətinin yüksəldilməsi, yeni texnologiyaların tətbiqi sahəsində yüksək nəticələrə nail olub. Hərəkətin təşkilində SAT-ALİ sisteminin təməli həmin illərdə qoyulub. Santexnika qurğularının idarə olunması üzrə “Lisna” və “Neptun” sistemlərinin, tunellərin korroziyadan mühafizəsi üzrə yeni maddələrin tətbiqi və digər texniki yeniliklər onun metroya rəhbərlik etdiyi illərə təsadüf edir.

Metro tikintisi sahəsində çalışdığı dövrlərdə “Azərtunelmetrotikinti” SC-nin baş energetiki, aparıcı mühəndisi, sədr müavini vəzifələrində özünü bacarıqlı təşkilatçı kimi göstərən İqor Xankişiyev yüksək idarəçilik məharəti ilə fərqlənib.

Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən, Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” QSC təsis edildikdən sonra İ.Xankişiyev 2017-ci il dekabr ayının 31-dək müəssisənin tikinti departamentinin rəisi vəzifəsində çalışıb.

İ.Xankişiyevin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilərək ona əməkdə göstərdiyi nailiyyətlərə görə Prezident İlham Əliyevin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı verilib, dövlət başçısının 6 noyabr 2017-ci il tarixli sərəncamı ilə o, Prezident təqaüdünə layiq görülüb, həmçinin, “Fəxri dəmiryolçu” döş nişanı ilə də təltif edilib.

Metropoliten tarixinin görkəmli simaları sırasında özünəməxsus yeri olmuş İqor Abbasoviç Xankişiyev, dünyasını dəyişməsinə baxmayaraq, metropoliten kollektivi tərəfindən həmişə anılacaq. Metropolitençilər onun xatirəsini əziz tutaraq, daim qəlblərində yaşadacaq.

Allah rəhmət eləsin!

İqor Xankişiyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR