Bakı qara hazırdırmı? -

Sabah axşam saatlarından etibarən Bakıda hava kəskin dəyişəcək.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova BAKU.WS-ə açıqlamasında bildirdi ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək. Küləyin gücü 3-25 m/s-dək artacaq.

“Yanvarın 19-u axşamdan başlayaraq 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var”, - deyə Gülşad Məmmədova bildirib.

Qeyd edək ki, hər dəfə Bakıda hava şəraiti dəyişən zaman problemlər yaranır. Yollarda hərəkət çətinləşir və bir sıra kommunal problemlər yaranır.

Bəs bu dəfə necə olacaq? Paytaxt qabaqcadan edilən xəbərdarlığa hazırdırmı?

Yaranmış suallara cavab tapmaq üçün Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Bakı Meriyasından BAKU.WS-ə bildirilib ki, Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri görülüb.

“İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib.

Ərazilərdə texnikalar və maşınlar hazırlıq vəziyyətinə gətirilib. Lom və bellər hazırlanıb. İşçilərə xüsusi geyimlər verilib. Yarana biləcək problemləri operativ şəkildə aradan qaldırılması üçün həmin işçilərə xüsusi təlimatlar verilib.

Şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılıb.

Hər bir təşkilata qar yağması zamanı nəzərdə tutulan tədbirlərdə fəal iştirak etməsi və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi tapşırılıb, cavabdeh ərazilər müəyyən edilib”, - qurumdan bildirilib.

Ümid edirik ki, Bakı meriyasından da iddia olunduğu kimi bu dəfə paytaxt qara təslim olmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR