Gənclərin İnkişafı və Karyera Mərkəzi Gənclər Gününü özünəməxsus tərzdə qeyd etdi -

Azərbaycan gənclərinin həyatında önəmli yer tutan tarixi gün - 2 fevral Gənclər Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu il də Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) regionlarda müxtəlif tədbirlərlə bu günü gənclər üçün daha maraqlı və rəngarəng tərzdə keçirdi.

Belə ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin 32 rayonda fəaliyyət göstərən nümayəndəliklərinin gənc əməkdaşları həmyaşıdları ilə birgə ilk öncə dövlət gənclər siyasətinin banisi olan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra şəhidlərin məzarları ziyarət olunaraq, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbəyə imza atmış Vətən oğullarına gənclərimizin ehtiramı ifadə edilib.

Bundan başqa, il ərzində ictimai fəallığı ilə fərqlənən və Vətən müharibəsi iştirakçısı olmuş gənclərə diplom və mükafatlar təqdim olundu, gənclər gününə həsr olunmuş regional və yerli səviyyəli intellektual yarışlar keçirildi.

Gün ərzində müxtəlif ticarət və iaşə müəssisələrində çalışan gənclər GİKM könüllüləri tərəfindən təbrik edildi, eləcə də əyləncəli yarış və sərgilər kimi maraqlı və fərqli tədbirlər keçirildi.

Tədbirlərdə iştirak edən Azərbaycan gəncləri bu gün daşıdıqları məsuliyyəti anladıqlarını və üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazır olduqlarını vurğuladılar.

Qeyd edək ki, Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq, ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şəraitin yaradılması istiqamətində mümkün olan bütün tədbirlərin həyata keçirilməsinə geniş imkanlar yaradır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR