DİN-dən Yevlax sakininin polis haqqında səsləndirdiyi iddialarına

Daxili İşlər Nazirliyi Yevlax rayon sakini Ceyhun Baxışəliyevin bəzi sosial şəbəkə kanallarında polis əməkdaşı haqqında səsləndirdiyi iddialara cavab verib.

Bu barədə Metbuat.az-a DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, adıçəkilən şəxsin əsassız iddialar səsləndirməsi həqiqəti əks etdirmir, səs yazısı isə polis əməkdaşına məxsus deyil, montajdır: "2020-ci il fevralın 7-də saat 17 radələrində Bərdə rayonu ərazisində velosipedçinin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib və hadisəni törədən sürücü hadisə yerindən yayınaraq, gizlənib. Keçirilən tədbirlər nəticəsində 13 gün sonra hadisəni törədənin “VAZ-2107” markalı avtomobilin sürücüsü C.Baxışəliyev olduğu müəyyən olunub.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlayıb və 2020-ci ilin iyunun 29-da cinayət işinin istintaqı tamamlanaraq Yevlax rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən sürücü təqsirli bilinərək 1 il müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilməklə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsdən istintaq orqanında pul tələb edilməsi ilə bağlı iddiaları isə təsdiqini tapmayıb, həqiqətəuyğun olmayan məzmunda şikayəti tam əsassızdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR