Paşinyandan Azərbaycana ''jest" - Ermənilərin xəyalları puç oldu

Metbuat.az və “Atlas” Araşdırmalar Mərkəzi birlikdə yeni bir layihəyə imza atıb. Dünyada və ölkədə baş verən siyasi proseslərə olan şərhləri oxucularımız xüsusi layihə olan ''Atlas'' Mətbuatda da tanış ola bilərlər.

İlk mövzumuz - “Ermənistanın ordu quruculuğunda rəzalət” barədə “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətov ilə müzakirə etdik.

Samir bəy, bildiyiniz kimi Ermənistanda istər hakimiyyət daxilində istərsə də orduda ağır vəziyyət hökm sürür. Qarabağ savaşından sonra zəifləyib tükənmiş Ermənistan hakimiyyətinin yəni Paşinyanın yeni qərarı orduya ayrılan vəsaitin azaldılması oldu.

Necə düşünürsünüz Paşinyan dövlətin təməlində əsas vahidlərdən hesab olunan orduya niyə belə biganə yanaşır?


“II Qarabağ savaşı ümumilikdə həm erməni cəmiyyətinə və hakimiyyətinə, həm də ona daima gizli və yaxud açıq şəkildə dəstək verən qüvvələrə birbaşa mesaj oldu ki, Azərbaycanın torpaqlarını işğal etmək və ona qarşı düşmən münasibəti göstərmək yalnız özlərinə ziyan edə bilər.

Fikrimcə mövcud Ermənistan hakimiyyətinin orduya ayırdığı vəsaiti azaltması indiyə kimi atılmış ən doğru addım hesab edilə bilər. Azərbaycan Ordusunun 44 günlük şanlı qələbəsindən sonra Ermənistanda hakimiyyəti idarə edən qüvvələr başa düşməyə başladılar ki, onsuzda olmayan büdcəsini boşuna silahlanmaya xərcləməyin mənası yoxdur.

Çünki Azərbaycan hər vəziyyətdə Ermənistandan dəfələrlə güclüdür. Digər tərəfdən görünən odur ki, nəhayət Ermənistandakı bəzi qüvvələr anlamağa başlayıblar ki, bundan sonra onların tək çıxış yolu Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmaqla regionda stabil və təhlükəsiz şəraitdə yaşamaq mümkündür. Ona görə də Paşinyan hökumətinin atdığı bu addım bir növ üstüörtülü jest kimi də başa düşülə bilər”.

Son günlər Qarabağda erməni hərbi postlarında olan özbaşnalıq, acınacaqlı durum gündəmdədir desək yanılmarıq.

Həmin hərbi hissə və postlardan yayılan video görüntülərdən də hiss olunur ki, vəziyyət bir sözlə biabırçılıq kimi şərh ediləcək haldadır. Deyə bilərikmi Vətən müharibəsində üzləşdiyi ağır məğlubiyyət hazırda baş verənlərə bir qədər də təkan oldu?

“Əslində Ermənistan ordusundakı bu durum yeni baş vermiş hadisə deyil. Uzun illərdi həm Ermənistan mətbuatında, həm də dünya mətbuatında Ermənistan ordusundakı rəzil durum nümayiş etdirilməkdədir.

Məhz buna görədir ki, hələ II Qarabağ savaşına qədər Ermənistan ordusunda kütləvi şəkilə fərarilik halları və eyni zamanda çoxlu sayda ölüm halları baş vermişdir. II Qarabağ savaşı Ermənistan ordusunun rəzil durumda olduğunu bir daha nümayiş etdirdi.

II Qarabağ savaşına qədər dəfələrlə erməni hərbiçilərinin könüllü şəkildə ordumuzun tərəfinə keçdiyinin şahidi olmuşduq. Təbii ki, əsri düşmüş hərbiçilər Ermənistan ordusunda olduqca ağır durumun olduğunu, təminat çatışmazlığı yaşandığını və sıravi əsgərlərlə yuxarı komandanlıq arasında ciddi ziddiyətlər olduğunu bildirmişdirlər.

Hesab edirəm ki, yuxarıda qeyd-etdiyimiz halları nəzərə alsaq, Ermənistan ordusundakı vəziyyətin ənənə halını aldığını demək mümkündür. Ermənistana ordusunu Azərbaycan ordusu ilə müqayisə etsək, Azərbaycan ordusundakı vəziyyətin daha yaxşı olduğunu görə bilərik. Ermənistandan fərqli olaraq Azərbaycanda artıq peşəkar ordu formalaşıb”.

Son günlər “Arsaxın müdafiə ordusunu” gücləndirəcəyini deyən separatçı rəhbər Vitali Balasanyan Qarabağda güclu ordu qurmaq barədə mifik məlumatlar açıqlayır.

Qarabağda dörd tərəfdən mühasirədə olan ermənilərin bu addımı atmaq xülyaları nəyə əsaslanır? Yoxsa Rusiyanın yardım edəcəyinə ümid edirlər?

“Bəzi erməniyönlü dövlətlər, xüsusilə də Rusiyakı bəzi dairələr tərəfindən II Qarabağ savaşından sonra dağılmış Ermənistan ordusunu yenidən bərpa olunması ilə bağlı fikirlər tez-tez gündəmə gəlməkdədir.

Görünən odur ki, Vitali Balasanyan da bu fikirlərdən “ilhamlanaraq” sayıqlamağa başlayıb.

Təbii ki, 9 noyabrda imzalanmış bəyannamədə Dağlıq Qarabağda nəyinki ordu, heç status məsələsi belə qeyd edilməmişdir.

Odur ki, rus sülhməramlılarının nəzarəti altında olan Dağlıq Qarabağda hər tərəfdən mühasirədə olan Vitali Balasanyan və onun bir neçə nəfərdən ibarət terrorçu dəstəsi bundan sonra sözügedən ərazidə ordu qurmaq məsələsini ancaq və ancaq xəyal edə bilər.

Son olaraq Ermənistanın hazırki vəziyyətini düzəltmək üçün Azərbaycan və Turkiyə ilə silah müqaviləsinə maraq göstərə bilərmi? Bu hansı şərtlər daxilində real ola bilər?

“Fikrimcə yaxın zamanda bu halın baş verməsi mümkün görünmür.

Ona görə ki, II Qarabağ savaşında ermənilər elə zərbə aldılar ki, bu zərbə uzun illər onların beynində bir travma kimi qalacaqdır. Bəlkə də bir neçə ildən sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə normal diplomatik münasibətləri qurularsa, həmçinin Ermənistan həm Azərbaycana, həm də Türkiyəyə olan torpaq iddialarından əl çəkərsə, uydurma “erməni soyqrımı” iddialarının üstündən xətt çəkərlərsə, gələcəkdə bu barədə düşünmək mümkündür.

İndiki vəziyyətdə belə hadisənin baş verməsi real görünmür”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI