x
Loading...
.

Ceyhun Bayramov: Terrorizm və separatizmə qarşı birgə səylərin davam etdirilməsi son dərəcə vacibdir

Terrorizm, zorakı ekstremizm və separatizmin bütün formaları və təzahürləri ilə yaratdığı təhlükəsizlik təhdidlərinə qarşı birgə səylərin davam etdirilməsi və bu xüsusda regional əməkdaşlığın genişləndirilməsi son dərəcə vacibdir.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistanda "Asiyanın Qəlbi - İstanbul Prosesi"nin 9-cu Nazirlər Konfransında çıxışı zamanı deyib.

C.Bayramov bildirib ki, bu Nazirlər Konfransı, İstanbul Prosesi çərçivəsində görülən mühüm işləri qiymətləndirmək və Əfqanıstanın və bütün Asiyanın qəlbi bölgəsinin üzləşdiyi ciddi problemlərin həlli istiqamətində ortaq səylərin gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından yaxşı fürsət təqdim edir:

“Buna görə də, hazırkı konfransı qonşuları ilə sülh şəraitində olan Əfqanıstanın təhlükəsizliyinin və çiçəklənməsinin təmin edilməsi ortaq məqsədimizə çatmaq üçün bütün iştirakçı ölkələrin, eləcə də dəstək verən dövlətlərin və beynəlxalq təşkilatların güclü öhdəlikləri əlaməti olaraq qiymətləndiririk.

Biz Əfqanıstanın sabitləşməsini, dinc yolla yenidən qurulmasını və inkişafını ikitərəfli səylər və çoxtərəfli platformalarda fəal iştirak yolu ilə dəstəkləməyə sadiq qalırıq.

Bu anlayışa əsaslanaraq, biz Əfqanıstan daxili sülh danışıqlarını yaxından izləyirik və ümid edirik ki, bu prosesin nəticəsində ölkədə Əfqanıstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında davamlı sülh və təhlükəsizlik bərqərar olacaq”.

Nazir vurğulayıb ki, Azərbaycan İstanbul Prosesinə Əfqanıstanda sülh, barışıq, təhlükəsizlik və iqtisadi inkişafa nail olmaq üçün dəyərli bir mexanizm kimi baxır:

“Azərbaycan mövcud problemlərin öhdəsindən gəlmək səylərində Əfqanıstanın ilk və ən fəal dəstəkçilərindən biridir. 2012-ci ildə bu Prosesə qoşulduqdan bəri biz bu çoxtərəfli platformada fəal iştirak edirik. Azərbaycan iki Etimad Quruculuğu Tədbirində, yəni Regional İnfrastrukturlar və Narkotiklərə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirlərində müvafiq olaraq TürkmənistanRusiya Federasiyası ilə birlikdə aparıcı ölkə qismində çıxış edərək İstanbul Prosesini daha da irəli aparmağa sadiq qalır.

Etimad Quruculuğu Tədbirləri nəticələrə yönəlik və ehtiyaclara əsaslanan əməkdaşlığı təşviq etmək üçün dəyərli bir mexanizmdir. Bu baxımdan, konkret layihələr vasitəsilə Etimad Quruculuğu Tədbirlərinin praktiki olaraq həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Biz o fikirdə qalırıq ki, Əfqanıstanın rifahı və tərəqqisi, iqtisadi inkişaf və regional əməkdaşlıq bir-biri ilə əlaqəlidir və bölgədəki ümumi təhlükəsizlik mühitindən asılıdır. Əfqanıstanın yenidən qurulmasına və iqtisadi inkişafına diqqət yetirərkən, bu günə qədər əldə olunan irəliləyişi qorumaq üçün bu ölkənin üzləşdiyi təhlükəsizlik problemlərini həll etməyə davam etməyimiz vacibdir.

Bu səbəbdən terrorizm, zorakı ekstremizm və separatizmin bütün formaları və təzahürləri ilə yaratdığı təhlükəsizlik təhdidlərinə qarşı birgə səylərin davam etdirilməsi və bu xüsusda regional əməkdaşlığın genişləndirilməsi son dərəcə vacibdir.

Azərbaycan təhsil və təlim, infrastrukturun inkişafı, investisiya və maliyyə yardımı sahələrində praktiki töhfələri artıraraq, Əfqanıstanı özünə güvənmə yolunda dəstəkləməyə sadiq qalır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR