Magistraturaya qəbul imtahanı başa çatıb

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı başa çatıb.

Metbuat.az xəbər verir ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 63 imtahan binasında aparılıb.

Binalarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılıb. İştirakçıların imtahan vaxtını düzgün idarə edə bilməsi üçün Bakı və regionlar da daxil olmaqla bütün imtahan zalları saatla təmin olunub. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 14 693 bakalavr ərizə təqdim edib.

Qəbul imtahanı Bakıda 42, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 5, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunub. İmtahanın idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 169 imtahan rəhbəri, 1365 nəzarətçi-müəllim, 126 buraxılış rejimi əməkdaşı (mühafizə), 63 bina nümayəndəsi cəlb olunub.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)