“Son vaxtlar dünyanın güclü dövlətlərinin Paşinyanın seçki kampaniyası müddətində hər tərəfi razı salacaq, hər kəsə bir əmzik verən siyasi gedişlər etdiyinin şahidi oluruq. Amma Ermənistanda keçiriləcək seçkilərdən sonra hadisələrə baxış daha dəqiq olacaq. Bölgədə sülhə, sabitliyə, iqtisadi yüksəlişə səbəb olacaq qərarların verilməsi gözlənilir.”
Bu açıqlamanı Metbuat.az-a Türkiyənin təqaüddə olan generalı Yücel Karauz bildirib.
General vurğuladı ki, bu həftə keçirilməsi planlaşdırılan NATO Zirvə Görüşündə Qarabağ ilə bağlı mühüm məsələlərin müzakirə ediləcək.
“Qarabağda baş verən son hadisələr, NATO Zirvə görüşündə, Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğan tərəfindən həm ABŞ prezidenti Coi Bayden, həm də Fransa prezidenti Emanuel Makron ilə görüş əsnasında müzakirə ediləcəkdir. Hazırda bu mövzuda məsələlər danışıqlar predmetidir. Bildiyiniz kimi, Qarabağda atəşkəsə birlikdə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyəti də, uğurlu bir şəkildə davam etməkdədir. Qarşıdakı günlərdə də bu mərkəzin məhsuliyyət və iş fəaliyyətinin hüdudlarının genişlənməsi mümkündür. Təbii ki, bu işbirliyi Rusiya ilə qarşılıqlı koordinasiya ediləcəkdir”.
Gülbəniz Hüseynli / METBUAT.AZ