Talibanın uğurları YOLUXUCUDUR -

"Dünyada heroinin 90%-inin istehsal olunduğu Əfqanıstandan narkotik qaçaqmalçılığı ilə məşğul olan, uzun illər ölkədə terrorla məşğul olan radikal-islamçı Talibanın sıralarına qoşulan Liviya, İraq və Suriyada döyüşən post sovet ölkələri vətəndaşı olan İŞİD döyüşçülərinin öz ölkələrində yeni ideoloji xətt, siyasi proseslərə xarici müdaxilə cəhdlərinə səbəb ola bilər".

Bu açıqlamanı Metbuat.az-a politoloq Yeganə Hacızadə edib. Siyasi şərhçi deyir ki, Talibanın Kabilə qarşı müharibədəki uğurları Mərkəzi Asiyada, Rusiyada, Cənubi Qafqazda və hətta Çində belə terror təşkilatları üçün yoluxucu bir nümunə olacaq. Bu mövzuda ən pis vəziyyət isə Mərkəzi Asiyadakı postsovet ölkələrindədir.


"Qeyd edim ki, burda 1999-cu ildə Talibanın Əfqanıstanda hakimiyyətdə olarkən Özbəkistan, Qırğızıstana hücum faktını da unutmaq olmaz və bu səbəbdən Talibanın Əfqanıstanda hakimiyyətdə olması Rusiyanın və Mərkəzi Asiyadakı müttəfiqlərinin təhlükəsizliyi üçün böyük risklər formalaşdırdı. Mərkəzi Asiyanın cənub sərhədlərində Rusiya üçün yeni bir cəbhə açıldı və bu Yaxın Şərqdə, Şimali Afrikada, Ukraynada, Gürcüstanda, Qarabağda artıq böyük xərclər tələb edən cəbhələrin fonunda bu cəbhə Rusiya üçün çox böyük çətinliklər formalaşdıracaq. Rusiya üçün bunlar həm maddi, həm də siyasi baxımdan əhəmiyyətli qaynaqlar tələb edir. Bu mövzuda isə Rusiyanın vəziyyəti ümumiyyətlə, yaxşı deyil".

Yeganə Hacızadə vurğuladı ki, Çin Sincan separatçılarını dəstəkləməyəcəkləri təqdirdə, Talibana çoxmilyardlıq investisiya dəstəyi vəd edib. Bəs Əfqanıstanda baş verənlər Azərbaycana necə təsir edə bilər?


"Azərbaycana haqqında onu qeyd edim ki, ölkəmiz uzun illərdir Əfqanıstanın regional iqtisadi inteqrasiyası üzrə səylərin mərkəzində dayanır. Bu təşəbbüslər həmişə Əfqanıstandakı mülki əhali və Taliban tərəfindən dəstək alıb və yaxşı qarşılanıb. Nümunə üçün onu deyim ki, Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupu Bakı görüşü 50-dən çox dövlətin iştirakı ilə Əfqanıstanda sülh prosesinə dəstək üçün həyata keçirilmişdi. Azərbaycanın iqtisadi təşəbbüsləri Əfqanstan üçün vacib, reallaşması üçün həlledici iştirakçı olduğumuz "Lapis lazuri" dəhlizi Əfqanıstanın inkişafına təkan verən bir təşəbbüs idi. Azərbaycan Bakıda keçirilən bu görüşdə "Taliban"a sülhün bərqərar olması istiqamətində yardım əlini uzatmışdı, çünki Azərbaycanın o zamankı mövqeyi böhranın siyasi həlli idi və bu həll ölkədəki bütün qruplarla dialoq aparmaqla, bütün qruplarda siyasi həllə tərəfdarlar üzə çıxarılmaqla və ölkə rəhbərliyi ilə təmasların qurulması istiqamətində idi".


Politoloq fikirlərinə əlavə etdi ki, görüşün detallarına bələd, imkanların formalaşmasında kiçik də olsa iştirakı olan biri kimi, Azərbaycan Əfqanıstan böhranının həllini sırf hərbi qüvvələrinin sayının artırılmasında deyil, siyasi yolla həllində israr etdi. Zaman da bunu sübut etdi, hələ keçən həftə Əfqanıstanda 42 ölkənin hərbçiləri olmasına baxmayaraq, legitim dövlət devrildi.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR