Naxçıvan, 29 may, AZƏRTAC
Azərbaycan xalqının, onun mütəfəkkir insanlarının müstəqillik arzusunun həyata keçirilməsi nəticəsində Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu gün müstəqil Azərbaycan Respublikası cümhuriyyətin siyasi varisi kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutub.
AZƏRTAC xəbər verir ki, bu sözlər “Naxçıvan” Universitetində “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizin şanlı səhifəsidir” mövzusunda keçirilən elmi konfransda səsləndirilib.
Konfransda çıxış edən universitetin rektoru, professor İsmayıl Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, süquta uğramasının səbəblərindən, 1993-cü ildən etibarən müstəqilliyimizin qorunub saxlanılması istiqamətində ümummilli lider Heydər Əliyevin apardığı müdrik siyasətdən ətraflı danışıb.
“Naxçıvan” Universitetinin ümumi tarix kafedrasının müəllimləri, dosent Elçin Zamanov “XX əsrin başlanğıcında Azərbaycanda ictimai-siyasi vəziyyət: Milli dövlətçiliyə gedən yol”, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov “28 maydan başlayan milli mübarizə tariximiz” və tarix müəllimliyi ixtisasının II kurs tələbəsi Püruz Qasımova “28 May - Respublika Günü müasir gəncliyin baxışlarında” mövzularında çıxışları dinlənilib.
Bildirilib ki, 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müasir milli dövlətçilik tariximizdə mühüm yer tutur. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirib, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik arzularını daha da gücləndirdiyini bildirib. Ulu Öndərin 1998-ci il yanvarın 30-da imzaladığı Sərəncam ilə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilib. Görkəmli dövlət xadimi Heydər Əliyev dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri olduğunu nəzərə alaraq, Bakı şəhərində Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması haqqında 2003-cü ilin fevral ayında Sərəncam imzalayıb.
Konfransa universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli yekun vurub.
Sonda mövzu ilə bağlı slayd nümayiş etdirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizin şanlı səhifəsidir