Çin və "Taliban"la ANLAŞIB:

"Taliban" ABŞ və NATO üzərində faktiki qələbə çalaraq Əfqanıstanda nəzarəti ələ keçirsə də, idarəetmədə problemlərlə üzləşib.

Bu barədə Metbuat.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu düşünür ki, məsələnin bir neçə tərəfi var.


"Birincisi, ali savadlı əfqan mütəxəssislərin bir hissəsi ölkəni tərk edib, yerdə qaan qismi də qaçmağa çalışır, ikincisi, ölkədə maliyyə qıtlığı yaranıb, xaricdəki bank hesabları dondurulub, insanlara isə dolanmaq üçün pul lazımdır, bank sistemi çöküb. "Taliban"ın bu vəziyyətdə əsas ümidi xarici investisiyalarıdır. Ancaq indiki vəziyyətdə böyük dövlətlərin mütləq əksəriyyəti Əfqanıstana yatırım qoymayacaq. Qərb dövlətlərinin "Taliban"la təmasları olsa da, bu hərəkatı rəsmən tanımır, Əfqanıstandakı səfirliklərini Qətərə köçürüblər".

Elxan Şahinoğlu deyir ki, "Taliban"ın daxili və xarici siyasəti də hələ bəlli deyil. Yeganə Çindir ki, ilkin şərt irəli sürmədən "Taliban"la əməkdaşlığı genişləndirməyə və Əfqanıstana yatırım qoymağa hazırdır. Siyasi şərhçinin sözlərinə görə, Pekin bu məqsədlə bölgənin digər ölkələri ilə də təmasları genişləndirib.

"İdeologilayalar fərqli olsa da, Çində hakim Kommunist Partiyası ilə "Taliban" idarəetmə baxımından bir-birinə yaxındır. Hər ikisi idarəetmədə avtoritar metodlara əsaslanır. Çin Kommunist Partiyası üçün fərqli fikirlər yaddır, tətbiq etdiyi qaydalar tənqid edilməməli və iqtisadiyyat planlaşdırmaya tabe olmalıdır. "Taliban"ın idarəetməsində də fərqli heç nə yoxdur. "Taliban" əfqanların sərt qaydalara tabe olmasını tələb edir, alternativ fikir mümkünsüzdür".


Elxan Şahinoğlu bildirdi ki, Çinin "Taliban"la dostluğunun təhlükəli yönləri də var. Birincisi, "Taliban" ölkəyə nəzarəti böyük ölçüdə əldə etsə də, müqavimətlə üzləşib. Əfqanıstanın Pəncər vadisindəki qüvvələr "Taliban"a təslim olmaq istəmir, dağlarda partizan savaşına hazırlaşırlar. Bu o deməkdir ki, Əfqanıstanda vətəndaş müharibəsi bitməyib, qanlı döyüşlər istisna deyil. Politoloq məsələnin ikinci tərəfi ilə bağlı isə qeyd etdi ki, "Taliban" verdiyi vədlərə baxmayaraq, terrorçu qruplarla gizli əlaqələrini davam etdirə bilər. Odur ki, Pekin “inan, ancaq yoxla” siyasətindən çıxış etmək məcburiyyətindədir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR