x
Loading...
.

Çin işğalı: Pekin qazax, qırğız və tacik torpaqlarını necə ələ keçirdi - "Sarı təhlükə" barədə şok faktlar

SSRİ-nin dağılması yeni yaranmış postsovet dövlətlərinin özlərini effektiv şəkildə müdafiə edə bilmədiklərini aşkara çıxardı. Mərkəzi Asiya respublikaları müstəqillik əldə etdikdən sonra sərhədyanı torpaqlarının bir hissəsini Çinə vermək məcburiyyətində qaldılar. Bəs bu necə baş verdi?

Metbuat.az xəbər verir ki, Teleqraf.com-un ən yeni tarixdə baş verən mühüm siyasi hadisələrə dair məqalələr silsiləsindən növbəti məqaləsi bu haqdadır.

SSRİ dağılandan sonra Çin dərhal müstəqillik qazanan Mərkəzi Asiya respublikalarına əhəmiyyətli ərazi iddiaları irəli sürdü. Qeyd etmək lazımdır ki, Çinlə Rusiya arasında mübahisə predmeti Uzaq Şərqdəki kiçik çay adaları idisə, Mərkəzi Asiyada Çin bir vaxtlar Cunqar xanlığının (XVII-XVIII əsrlər) tərkibinə daxil olan bütün torpaqlara iddia edirdi. Bu isə Şərqi Qazaxıstanın və Şimali Qırğızıstanın böyük bir hissəsidir.

Heç kimin onlara belə bir ərazi verməyəcəyini başa düşən Çin hakimiyyəti iştahını tədricən azaltdı, lakin ərazi iddiaları hələ də on minlərlə kvadrat kilometr təşkil edirdi. Xüsusilə, çinlilər Qazaxıstanla “mübahisəli” 34 min kv. kilometrə iddia etdilər.

Nə qədər ki, gec deyil, razılaşın

1990-cı illərdə Qazaxıstan sərhəddə yeni insidentlər gözləməməyi qərara alır və Pekinlə bütün sərhədyanı məsələləri nizamlamağa tələsir. Bunun üçün o, iki dəfə güzəştə getməli olur. 1994-cü ildə Çin və Qazaxıstan sərhədlə bağlı müqavilə imzalayır. Bu müqavilə nəticəsində Qazaxıstanın 946 kv. kilometrlik ərazisi çinlilərə keçir.

1997-ci ildə Nursultan Nazarbayev Qazaxıstan-Çin sərhədinin demarkasiyası ilə bağlı yekun razılaşmanın əldə edilməsinə nail olur. Rəsmi məlumata görə, bu razılaşma nəticəsində 407 kv. kilometrlik ərazi Çinə verilir. Ancaq indiyədək heç kim bu müqavilənin özünü açıq mənbələrdə tapa bilmir. Bu səbəbdən narahat Qazaxıstan ictimaiyyəti çinlilərə əslində bir neçə min kvadrat kilometr ərazinin verildiyi ehtimalını irəli sürür. İstənilən halda Qazaxıstan qonşu Qırğızıstandan fərqli olaraq, siyasi çaxnaşmalar yaşamadan Sovet İttifaqından miras qalan ərazi məsələsini həll edə bilir. Hətta, Çinə verilən ərazilər arasında yerli köçəri xalqlar üçün dini əhəmiyyət kəsb edən Xan-Tenqri dağının olmasına belə fikir verilmir.

Qırğızıstanın ilk prezidenti Əskər Akayev də çinlilərlə razılığa gəlməli olur. 1999-cu ildə Bişkek və Pekin Uzonqu-Kuuş adlanan mübahisəli ərazi ilə bağlı razılıq əldə edirlər. Nəticədə Çin 161 kv.km ərazi əldə edir, bu onların ilkin tələbinin 39%-ni təşkil edirdi. Tərəflər kompromisdən razı qalırlar, ancaq Qırğızıstan əhalisi bu müqavilənin bağlanması faktından qəzəblənir. Bu hadisə 2005-ci ildə ölkədə ilk inqilabın başlanmasının səbəblərindən biri rolunda çıxış edir.

“Bütün bu ərazilər hələ sovet dövründən sərhədyanı mübahisələrin predmetidir, Çin mövcud sərhəd faktını tanımadı”, – deyə Qırğızıstandan olan ekspert Mars Sariyev vaxtilə “Vzqlyad” qəzetinə bildirmişdi. O, daha sonra demişdi: “Qırğızıstan və Qazaxıstan sərhədyanı problemləri həll etmək üçün nizamlanmada və bunu sənədlərdə əks etdirməkdə özləri maraqlı idilər. Uzonqu-Kuuş ərazisi ilə bağlı məsələ sovet dövründə həll edilmədi, SSRİ nümayişkaranə şəkildə sərhədi özü çəkdi və ora istehkamlar qoydu. Qeyd etmək lazımdır ki, mübahisəli ərazilərin böyük hissəsi postsovet respublikaları ilə qalmışdı. Çin daha böyük torpaqlara iddia etdi, ancaq kompromis variant tapıldı və çinlilər daha kiçik hissəyə razı oldular”.

“Çin böyüyən superdövlətdir və bizə onunla sərhəd problemlərini həll etmək lazım idi. Mən Çinin gələcəkdə bu cür ərazi iddialarının olacağını düşünmürəm. Hətta böyük dövlət borcu səbəbindən Tacikistan və ya Şri-Lanka nümunəsində olduğu kimi çinlilərə bu borcu ərazi ilə ödəməyin lazım gələcəyi təhlükəsini nəzərə alaraq hesab edirəm ki, bu baş verməyəcək. Pekin faizləri ödəsək, borcun prolonqasiyasına razılıq verib”, - Sarıyev belə hesab etdiyi dilə gətirmişdi.

Mərkəzi Asiyada ərazi güzəştləri mövzusu ən ağrılı mövzulardan biridir. İnsanlar Çinlə nə qədər yaxınlıqda yaşayırlarsa, çinlilərin daha çox təhlükə doğurması səbəbindən yerli əhali arasında Sinofobiyanın artması müşahidə olunur. Qazaxıstanda kənd təsərrüfatı torpaqlarının Çin kompaniyalarına icarəyə verilməsi ilə bağlı layihə hələ müzakirə mərhələsində uğursuzluğa düçar oldu. Qırğızıstanda yerli əhali Çinin mədən şirkətləri ilə olan mübahisələr mitinqlər və talanlar yolu ilə həll edilir.

Bu reaksiya qismən Pekinin Sincan-Uyğur muxtar rayonunda yaşayan müsəlman azlıqlarla münasibətdə siyasəti ilə bağlıdır. Qərb mediasında yerli xalqların zorla əmək düşərgələrinə yerləşdirildiyi barədə məlumatlar davamlı olaraq əksini tapır. Çinin qapalı olması bu məlumatı təkzib etməyə və təsdiqləməyə imkan vermir.

Mərkəzi Asiya ölkələrinin özləri getdikcə Çindən asılı vəziyyətə düşürlər, xüsusən də daim ödəyə bilmədikləri milyardlarla dollarlıq kreditlər alırlar. Əhali korrupsioner hökumətlərinin kreditləri torpaqla ödəyəcəyini və ya faydalı qazıntı yataqlarının işlənməsi üçün onları çinlilərə verəcəyindən ciddi şəkildə qorxur. Analoji presedent artıq Tacikistanda baş verib.

Güzəştli Tacikistan

1990-cı illərdə qonşu Tacikistanı vətəndaş müharibəsi bürüdü, buna görə taciklər digər dövlətlərlə ərazi məsələlərini sonraya təxirə saldılar. Bəlkə də, buna görə Düşənbə Qırğızıstan və Qazaxıstanla müqayisədə daha böyük torpaq sahələrindən imtina etməli oldu. Çin gücləndi və artıq güzəşt variantları ilə məhdudlaşmadı.

2011-ci ildə, Çin Xalq Respublikasının yarandığı gün Tacikistan öz ərazisinin bir hissəsini təntənəli şəkildə (!) Çinə verdi. Çinlilər 1,1 min kvadrat kilometr torpaq aldılar. Bu da Tacikistanın ümumi ərazisinin 0,77 faizindən az deyil.

Taciklərin bu səxavətliliyi Pekindən böyük asılılıq da daxil olmaqla bir çox faktorlardan qaynaqlanır. Bundan əlavə Tacikistanda hələ də Emoməli Rəhmonun sərt rejimi hökm sürür, bütün müxalifət darmadağın və faktiki olaraq qadağan edilib. Belə bir vəziyyətdə prezident qeyri-populyar qərarlar qəbul etməyi özünə rəva görə bilər. Bundan əlavə, təslim olan ərazilər Dağlıq Bədaxşan Muxtar Vilayətində yerləşirdi. Yerli əhali etnik və dini baxımdan taciklərdən fərqlənir və ucqar dağlıq ərazilərdə yaşayır, buna görə onların fikirləri Düşənbədə az adamı maraqlandırırdı.

İki ölkə arasındakı “məhsuldar” əməkdaşlıq bununla bitmir. Tacikistan yol, istilik elektrik stansiyası və digər infrastruktur tikintisi üçün Çindən krediti alıb. Kasıb ölkənin ödəyəcək heç bir şeyi yox idi. Nəticədə “Yuxarı Kumarq” qızıl yatağı işlənməsi üçün Çin şirkətlərinə verilir. Əvvəllər çinlilər artıq işləmək üçün Tacikistandakı digər qızıl, gümüş və kömür yataqlarını almışdılar.

Qonşu ölkələrdə müxalifət Tacikistanın nümunəsinə baş qaldırır və oxşar ssenarini təkrarlayacaqları halda hakimiyyəti əvvəlcədən etirazlarla hədələyir. Çinlilər hələ heç vaxt heç kimin borcunu elə-belə silməyiblər: istənilən halda ödəmək məcburiyyətində qalacaqlar və ya uzun müddətdə borclarını prolonqasiya etməli olacaqlar.

Bu arada, lap yaxınlıqda – Himalayda Çinlə Hindistan ordusu arasındakı qarşıdurma vaxtaşırı tammiqyaslı döyüşlərə çevrilir. Hətta Hindistan hər zaman sülh yolu ilə Çinə müqavimət göstərə bilmirsə, o zaman kiçik postsovet respublikaları nə edə bilər? Güzəştlər qaçılmaz idi, amma bu güzəştlər Çini təmin edəcək, yoxsa onları gələcəkdə bir daha xatırladacaq? Bu sual hazırda Mərkəzi Asiya ölkələrinin xalqlarını düşündürən əsas suallardan biridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR