Şəhid xanımından ÜRƏK AĞRIDAN SÖZLƏR:

Bu gün 1-ci ildönümü olan Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etdik. 2907 qəhrəmanımızdan biri də şəhid Elməddin Şindiyevdir.

Metbuatı.az xəbər verir ki, şəhidin xanımının həyat yoldaşı ilə bağlı sosial media hesabı üzərindən etdiyi paylaşım oxuyan hər kəsi kədərləndirib:

"Keçən ilin bu günü ailəmdə, ətrafımda bambaşqa sevincli gün idi. Həyəcandan qarnıma dolan ağrılar, ürəyimin ağzımın içində döyünməsi, sevdiyimə qovuşmağım... Səninlə danışırdıq, sevincdən ikimiz də mənasızca gülürdük. Yata bilmirdik həyəcanımızdan.

Səhər açıldı, gəldin getdik bəzənməyə. Elməddin əslində səbirsiz, əsəbi, gözləməyi sevməyən və mən salonda olanda qəti yanıma gəlmək istəməyən biri idi. Ayın 27-si isə bambaşqa biri olmuşdu. Tez-tez yanıma gəlir, mənim əhvalımı soruşur, üzümü güldürürdü.

Saat 12 olardı, yenə gəldi yanıma, məni çölə çağırdı. Çox həyəcanlı, gözlərində narahatlıq və mənə nələrisə başa salmağa çalışırdı. Ən sonda dedi, Lalə, müharibə başlayıb qardaşlarımın ikisi şəhid olub. O an dünya başıma yıxıldı. Necə olacaq bəs, Elməddin mən bəzənirəm? Toyumudu?..

Heç nə olmaz... Aprel döyüşlərini yada sal. 3 günə qurtaracaq. Narahat olma, bu gün ən gözəl gündür bizim üçün.

Mən bəzəndim qurtardım, gəldi gözümün işığı, məni gətirdi evimizə. Maşından düşəndə "tez hazırlaş, gəlirəm aparmağa" dedi. Mən isə baxıb güldüm ona. Hazırlaşdıq və gəldi... O qədər həyəcanlı idi ki... Məni ağlayan görüb o da kövrəldi. Həyəcandan əlindəki gülü belə mənə verməyi unutmuşdu. Şəkillər çəkildi və maşına oturduq. O anda dostuna "Mən belə həyəcanlanmamışdım, bu nə idi?.. Vəssalam, getdi bu da... Gedək evimizə" dedi.

Evimizə çatdıq. Hər şey öz qaydasında idi. Deyirdik, güülrdük. Toyumuz olmamağı gözümüzə görünmürdü bizim. Çox inanmışdıq biz xoşbəxt olacağıq. Mən inanıram sən həyatda olsaydın, bizim çox gözəl ailəmiz olacaqdı. Yolun başında ikən sonuna belə tez gəlmək... Səni zamansız itirmək məni hər gün öldürür. Bir də heç vaxt yan-yana gələ bilməyəcəyik. Bu dünyada yarım qalsaq da, şübhəsiz ki, ən gözəl qovuşmağımızı biz cənnətə saxladıq. Mənim ruhum, gözəl qəlbli sevgim. Ayrı-ayrı olsaq da... Qovuşmağımız uzun olacaq bilirəm, amma səbirlə gözləyirəm o günü. Səninlə nəinki bir il, bir ay belə evli qala bilmədik biz. Amma ruhunun hər an mənimlə olduğunu bilirəm. Bəlkə indi də burdasan, mənimlə. Yuxuma gəl, sevgilim biz röyalarda qeyd edək xoş günümüzü. Səni sonsuz və əvəzsiz sevirəm, can yoldaşım. Sən hər zaman mənim qəlbimdə təzə bəyim olaraq qalacaqsan, gül qoxulum, cənnət ətirlim".

Xatırladaq ki, əslən Balakən rayonundan olan Elməddin Şindiyev oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR