Dünyada internet üzərindən xidmət göstərən məşhur ödəmə sistemlərindən biri olan “PayPal” ödəniş sistemi bir çox ölkələrdə rahat pul köçürmək, alış-veriş etmək imkanları yaradır. Sistem insanlara internet vasitəsilə xidmətlərdən daha sürətli, təhlükəsiz və rahat istifadə etməyə imkan yaradır. Azərbaycanda isə bu ödəniş sistemi bir o qədər geniş yayılmayıb. Bəs Azərbaycanda fəaliyyət göstərən banklar “PayPal” hesablarının balansına nəzarətə şərait yaradırmı?
Metbuat.az-ın suallarına cavab olaraq banklardan birindən bildirdilər ki, “PayPal” xidmət olaraq Azərbaycan regionunu dəstəkləmir. Azərbaycan banklarının əksər ödəniş kartlarından “PayPal” elektron ödəmə sisteminə pul köçürmək mümkündür. Proses zamanı 18% ƏDV vergi tutulur. Karta köçürülən vəsaitlə yalnız onlayn ödənişlə alış-veriş etmək mümkündür. Amma “PayPal” sisteminə qoyulan pulu karta köçürmək mümkün deyil.
Mövzu ilə bağlı texno bloqçu Farid Pərdəşünas Metbuat.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda elektron ticarətin inkişafını ləngidən amillərdən biri də “Paypal” xidmətinin fəaliyyət göstərməməsidir. Fərid Pərdəşünas deyir ki, bu problem özünü ən çox startap yaradan zaman məhsulu xaricə satmaq lazım gəldiyi təqdirdə biruzə verir. Çünki Azərbaycan banklarında hesab açıb, “Paypal” vasitəsi ilə onlayn ödəniş qəbul etmək mümkün olmayacaqdır.

““Paypal” sisteminin imkanlarından istifadə edə bilməmək səbəbindən həm sahibkar, həm startapçı ziyan çəkir. Əgər biz bu gün Azərbaycanda startapların inkişafından danışırıqsa, mütləq bir şəkildə “Paypal” ilə bağlı problemləri həll etməliyik. Qeyd edim ki, “Paypal” sisteminin Azərbaycanda aktiv olmamasının səbəbi hələ ki tam olaraq bilinmir. Bəziləri deyir ki, biz çalışırıq ki, yaxın zamanlarda bu məsələnin həlli ilə bağlı xoş xəbər olacaq və s. Lakin hələ də məsələ müəmmalı şəkildə qalır. Qeyd edim ki, qonşu Gürcüstanda “Paypal” aktiv şəkildə fəaliyyət göstərir. Azərbaycanın ticarət dövriyyəsi Gürcüstandan qat-qat çox olsa da, bu gün hər hansısa bir azərbaycanlı sahibkar “Paypal” ödənişi qəbul etmək üçün Gürcüstanda hesab açır və nəticə etibarilə belə deyək ki, ölkəyə daxil olmalı olan pul Gürcüstan bank hesabına daxil olur. Bu da iqtisadi baxımdan Azərbaycan iqtisadiyyatı üçün mənfi haldır”.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, Azərbaycanda ödəniş sistemləri ilə bağlı qanunun qəbul edilməməsi “PayPal”dan da geniş istifadə edilməsini ləngidir.
Osman Gündüz deyir ki, Azərbaycanda 3 ildir ödəniş sistemləri ilə bağlı qanun layihəsi müzakirə
olunsa da, hələ ki, bu qanun qəbul edilməyib. Ona görə də ödəniş sistemləri ilə bağlı müəyyən
çatışmazlıqlar mövcuddur.

“5-6 il bundan öncə “PayPal” şirkətinin nümayəndələri Azərbaycanda onlar üçün müəyyən bir şəraitin olmamasından gileylənirdilər. Bununla bağlı Azərbaycanda ödəniş sistemlərinə aid qanunvericilik əsasları hazırlanmalı idi. Lakin hələ də bu qanun qəbul edilməyib. Səhv etmirəmsə, layihənin hazırlanması Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilib və Palata bu layihəni hazırlayıb. Qanunvericiliyə görə, həmin qanun layihəsinə Maliyyə Nazirliyi, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi rəy verməlidir. Bildiyimə görə, İqtisadiyyat və Ədliyyə Nazirlikləri öz rəyini verib. Lakin düşünürəm ki, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, bu ilin sonuna qədər sözügedən məsələnin həlli yekunlaşmalıdır”.
Məsələyə münasibət bildirən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ndən Metbuat.az-a məlumat veriblər ki, beynəlxalq ödəniş sistemlərinin ölkəmizdə fəaliyyəti ilə bağlı tənzimləmələri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirmir.
“Bildirək ki, “PayPal” sisteminin Azərbaycanda fəaliyyət göstərməsi ilə bağlı heç bir texniki problem mövcud deyil. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu istiqamətdə müraciət olunsa, “PayPal” xidmətinin də digər beynəlxalq ödəniş sistemləri kimi ölkəmizdə fəaliyyəti üçün infrastruktur formalaşdırıla bilər”.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə" ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov isə yaxın gələcəkdə bu sistemin əlçatan ola biləcəyini vurğulayıb.
“Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən rəqəmsal ödəniş ekosisteminin növbəti illərdə əsas inkişaf istiqamətlərini təyin edəcək “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin tamamlanması üzrə işlər aparılır. Bu qanun layihəsinin qəbul olunması ölkəmizdə elektron pul təşkilatlarını yaradılması ilə yanaşı, beynəlxalq maliyyə institutlarının rəqəmsal ödəniş ekosistemində təmsil olunması üzrə hüquqi çərçivəni formalaşdıracaq”.
Gülbəniz Hüseynli / METBUAT.AZ
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.
Mövzu: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi.