Bakı, 29 may, AZƏRTAC
Cənub Regional Futbol Federasiyası 28 May – Respublika Günü münasibətilə ənənəvi futbol turniri keçirib.
AZƏRTAC xəbər verir ki, 1990-cı ildən bu günədək keçirilən turnirdə 20-dən çox şəhər və kənd orta məktəbini təmsil edən 9-10 yaşlı yeniyetmələrdən ibarət komandalar mübarizə aparıb.
Əvvəlki illərdəkindən fərqli olaraq ilk Avropa Oyunlarına həsr edilən builki yarışda futbolçular və oyunları idarə edən hakimlər meydana üzərində “Bakı-2015”in loqosu olan idman geyimlərində çıxıblar.
“Zirvə” beynəlxalq idman klubunun bazasında təşkil olunan final qarşılaşmasında ötən ilin qalibi olan Aşağı Nüvədi kənd və şəhər 1 nömrəli tam orta məktəblərin komandaları üz-üzə gəlib. Final görüşündə 3:2 hesabı ilə qalib gələn 1 nömrəli məktəbin təmsilçiləri builki turnirin qalibi olublar.
Qalib və mükafatçılara diplomlar və qiymətli hədiyyələr verilib.