ANS TV-nin məlumatına görə, spiker Oqtay Əsədov söylədi ki, hadisə prezidentin nəzarətindədir, bütün lazımi tədbirlər görüləcək. Millət vəkilləri bu tip hadisələrin bir daha baş verməməsi üçün ictimai nəzarəti vacib saydılar.
Millət vəkili Fazil Mustafa dedi ki, ictimai nəzarətə mane olan fəaliyyətlərin əngəllənməsi üçün qanunvericilikdə ciddi müəyyən normativ aktlar qəbul edilməlidir.
Bəzi millət vəkilləri bu tip binaların fasadlarının keyfiyyətsiz materiallardan üzlənməsi hesabına büdcədən ayrılan xərclərin havaya sovrulduğunu vurğuladılar. Binaların üzlənməsinin özəl sektora həvalə edilməsini təklif etdilər. Millət vəkili Sabir Rüstəmxanlının sərt çıxışı spikerlə mübahisəyə yol açdı:
“Kimsə bundan gəlir əldə edir varlanır, sonra da caamatı atır odun içinə. Nəyə görə bu məsələ Milli Məclisdə müzakirə olunmasın. Sabah deyəcəklər ki, millət vəkilləri oturublar, özləri o işlərin iştirakçılarıdır. Ona gərə də heç nə danışmırlar”.
Oqtay Əsədovun cavabı isə sərt oldu: “Gərək hər dəfə Milli Məclisin iclasında bir qulp qoyasız. Sabir müəllim mən sizinlə mədəniyyətlə danışıram. Yalan isə siz danışırsız. Xahiş edirəm danışığınıza fikir verin”.
Binanın yanmasından istifadə edib vətəndaşları aksiyaya səsləyənlərə də mesaj göndərildi.
“Dövlətin bu siyasətini az qala link etmək istəyirlər. O binaya qoyulan investisiyadan hər bir ev də udurdu", – deyə millət vəkili Zahid Oruc bildirdi.
Deputat Siyavuş Novruzov isə söylədi ki, aksiya çağırışları edənlər Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Avropa Parlamenti sədri Martin Şults kimilərin sözü ilə oturub duranlardır. Deputat Şultsun Avropa Oyunlarının açılış mərasiminə iki gün qalmış Avropa Oyunları və insan haqları adı altında tədbir keçirməsini simasızlıq adlandırdı:
"Artıq Şultsun maskası cırılıb, o, erməni lobbisinin əli ilə Azərbaycan əleyhinə kampaniya aparır".
Siyavuş Novruzovun Martin Şultsdan danışması spiker Oqtay Əsədova “Uzaq Sahillərdə” filmindən alman zabiti cənab Şultsu xatırlatdı.
Plenar iclasda 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edildi.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov söylədi ki, ümumulikdə dövlət büdcəsinin icrası barədə rəylər müsbət olsa da, yol və torpaq vergisi ilə bağlı daxilolmalar tam təmin edilməyib.
Maliyyə Naziri Samir Şərifov isə dedi ki, ötən il dünyada baş verən əlverişsiz iqtisadi şəraitə, geosiyasi vəziyyətin regiona mənfi təsirinə və neftin qiymətlərinin ucuzlaşmasına baxmayaraq, Azərbaycan makro-fiksal davamlılığı təmin edə bilib.
Qanun layihəsi müzakirə və təkliflərdən sonra səsə qoyularaq qəbul edildi. Deputatlar gündəlikdə olan digər 17 məsələyə də münasibt bildirdilər.
Bununla da millət vəkilləri yay tətilinə çıxdılar.