Ermənistan Azərbaycan və Türkiyənin maraqlarına cavab verməlidir -

“Hazırda beynəlxalq arenada Türkiyəyə qarşı kampaniya gedir və Türkiyənin imicinə zərər dəyir. Türkiyə bu imicini düzəltmək üçün Ermənistanla yaxınlaşmaya gedə bilər”.

Bu fikirləri Metbuat.az-a beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı deyib. Müsahibimiz bildirdi ki, Türkiyənin Orta Asiyaya rahat çıxması üçün Zəngəzur dəhlizi ona lazımdır. Ona görə bu yaxınlaşmanı reallaşdıraraq Ermənistanla Rusiyasız danışıqlar aparmaq istəyə bilər.

“Bildiyimiz kimi bu münasibətlərin qurulması Türkiyə və Ermənistana iqtisadi gəlirlər gətirəcək. Amma Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bildirib ki, Ermənistan Türkiyədən 2021-ci il yanvarın 1-dən qüvvəyə minən malların idxalına qoyulan qadağanı uzatmağı planlaşdırır. Rusiyanın Cənubi Qafqazda olan təsir gücünü azaltmaq üçün Qərb bu yaxınlaşmaya dəstək verəcək. Türkiyə tərəfi Azərbaycan-Ermənistan arasında olan mövcud problemləri Rusiyasız həll etmək üçün bu addımı ata bilər”.

Türkiyə ilə Ermənistan arasında sərhəd qapısının hələ də bağlı olmasına baxmayaraq, iki ölkə arasında ticarət əlaqələri Gürcüstan üzərindən davam edib. Analitik qeyd etdi ki, sərhədlər bağlı olsa da, tərəflər 1993-cü ildə 4,5 milyon dollar olan ticarət həcmini 1997-ci ildə 30-a, 2007-ci ildə 120-yə və 2008-ci ildə 200 milyon dollara yüksəldiblər. 3 mart 1997-ci ildə türk və erməni iş adamları tərəfindən Türk-Ermənistan Biznesi İnkişaf Şurasının təsis edildiyini xatırladan Teymur Qasımlı bildirdi ki, Türkiyə Statistika Təşkilatının (TÜİK ) məlumatına görə, ticarət əlaqələrini az da olsa davam etdirən iki ölkə arasında 2013-cü ildə xarici ticarət həcmi 571 min dollar olub.


“İki ölkə arasında ticarət həcmi 2020-ci ildəki məlumatlarla son 8 ilin ən yüksək səviyyəsinə çatıb. Son 8 ildə iki ölkə arasında xarici ticarət həcmi müvafiq olaraq 571 min dollar, $1,4 milyon, 1,2 milyon dollar, $1,9 milyon, 2,7 milyon dollar, 2,2 milyon dollar, 2,7 milyon dollar, 4,2 milyon dollar və nəhayət, 2021-ci ildə 3,8 milyon dollar təşkil edib. Türkiyə-Ermənistan sərhədlərinin bağlanması nəqliyyat xərclərini artırır, ticarət və mənfəət az qazanc təşkil edir. Türkiyə ilə Ermənistan arasında ticarətin Gürcüstan vasitəsilə aparılması nəqliyyat xərclərini 10 faiz artırıb və daşınma müddətini iki gün edir.Türkiyə ilə sərhədlər açılsa, Ermənistan üçün nəqliyyat xərcləri azalacaq, hər iki dövlətin gəlirləri artacaq”

Bəs Türkiyə ilə Ermənistan arasında olan münasibət Azərbaycanın Ermənistanla problemlərinin həllinə qatqı ola bilərmi? Gələcək münasibətlərdə hansı irəliləyişlərə şans var?

“Təbii ki, bu yaxınlaşma Azərbaycan və Türkiyənin maraqlarına cavab verməlidir. Bu yaxınlaşmada Rusiyanın-Ermənistanın öz oyunları var. Bu oyunlar Azərbaycana qarşı qurulmuş gedişlər ola bilər. Prosesləri yaxından izləmək lazımdır. Bu yaxınlaşmada əgər Türkiyə Ermənistan üzərində siyasi təsir gücünə imkan verəcəksə, onda Azərbaycanın maraqlarına xidmət edir. Ancaq mən hələ ki Türkiyənin Ermənistan üzərində yaxın gələcəkdə siyasi təsir gücünə malik olacağına inanmıram. Digər tərəfdən, Azərbaycan bu yaxınlaşmadan iqtisadi gəlirlər əldə edə bilər. Şəxsi düşüncəmə görə, burada milli maraqlarımızın qorunması üçün uğurlar əldə edə bilərik.Unutmayaq ki, Ermənistanda siyasi təsir gücünə malik tək oyunçu var, o da Rusiyadır. Rusiya və İran Türkiyənin Ermənistanda güclü olmasını istəməz və buna imkan verməzlər. İndiki mərhələdə meydana çıxan cədvəli aşağıdakı kimi qiymətləndirə bilərik. Normallaşma üçün ilk çağırış Türkiyədən gəldi. Ancaq Ankara Yerevana mesaj verir ki, “Azərbaycan torpaqlarında erməni işğalı bitdiyi üçün məndən dərhal münasibətləri normallaşdırmağı gözləməyin”. Bu, təbii olaraq, Türkiyə-Ermənistan münasibətlərinin hələ də Azərbaycanın təsir altında olub-olmaması sualını doğurur”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR