Haradan gəlib, hara gedirik? - “Ceyms Uebb” kosmosa göndərilir / VİDEO

“Ariane 5” daşıyıcı raketi ən son “James Webb” Kosmik Teleskopu ilə Fransız Qvianasındakı Kuru Kosmodromundan buraxılıb.

Metbuat.az xəbər verir ki, proses NASA tərəfindən canlı yayımlanıb. Buraxılış təxminən saat 16:21-də baş tutub.

Raketdən ayrıldıqdan sonra kosmik aparat 29 gün davam edəcək mərhələli yerləşdirməyə başlayacaq. NASA-nın fikrincə, ən çətin və riskli mərhələ rəsədxananı Günəş, Yer və Aydan gələn radiasiyadan qorumalı olan əsas güzgünün və istilik qoruyucunun açılması olacaq.

Ən güclü infraqırmızı kosmik teleskopu 20 ildən artıqdır ki, 17 ölkə ilə birgə layihələndirilib və hazırlanıb. Kosmik rəsədxananın dəyəri on milyard dolları ötüb.

NASA-nın vurğuladığı kimi, bu, agentlik tərəfindən indiyə qədər həyata keçirilən ən çətin missiyalardan biridir.
Yaradıcıların verdiyi məlumata görə, “Hubble”dan yüz dəfə güclü olan yeni teleskop Günəş-Yer sisteminin L2 Laqranj nöqtəsində halo-orbitində mövqe tutmalıdır.

Gözlənilir ki, “James Webb”in ilk elmi məlumatları buraxılışdan altı ay sonra tədqiqatçılara təqdim olunacaq, daha bir ildən sonra isə onlar ictimaiyyətə açıq olacaq.

1994-cü ildə buraxılan “Habbl” teleskopu bizim kainat haqqında bütün fikirlərimizi dəyişərək, astronomiyada inqilab elədi. Amma onun verdiyi məlumatlar cavabdan çox sual yaratdılar. Məhz bu teleskop “qara maddə”, “qara enerji” kimi ifadələri bizim dilimizə saldı. Buradakı “qara” sifəti o deməkdir ki, biz onların haqqında heç nə bilmirik. “Habbl”dan öyrəndiyimiz o oldu ki, kainatın 95%-nin nədən ibarət olduğu haqqında heç bir anlayışımız yoxdur. “Böyük Partlama” barədə çox az şey bilirik. İlk uluzların necə yaranması, ilk qalaktikaların necə formalaşıması haqqında da həmçinin. Bu suallara verilən dəqiq cavablar bəşəriyyətin dünyagörüşünü əsaslı şəkildə dəyişə bilər. Ona görə də, entuziastlar düşünürlər ki, bu gün elmdə böyük bir inqilabın başladığı gün kimi tarixə düşəcək.

Üstündə yaşadığımız Yer Kürəsi də daxil olmaqla, planetlər necə yaranıb? Bu gün elmdəki hakim nəzəriyyəyə görə ulduzların ətrafında fırlanan kosmik qaz-toz buludundan. Ulduzlar necə yaranıb? Hakim nəzəriyyəyə görə qravitasiya nəticəsində öz içinə çökən nebulalardan – kosmik dumanlıqlardan. Amma biz hələ də bu prosesi kosmosda müşahidə edə bilməmişik. “Ceyms Uebb” bu nəzəriyyələri təsdiqləyə bilər. Amma missiyanın qarşısında qoyulan iki sual xüsusilə önəmlidir: Kainatın özü necə yaranıb və başqa planetlərdə həyat varmı? Bu sulların cavabını bilmək nəyə desəniz dəyər. Çünki Yerdən kənarda həyatın izinin tapılması bəşəriyyətin həyatın nə olması və necə yaranması haqqında təsəvvürlərində inqilab edəcək. Biz o inqilaba çoxdan hazırıq, amma siqnal yoxdur.

Kosmik obyektlər bizdən nə qədər uzaqdadırsa, bir o qədər sürətlə uzaqlaşır. Ona görə də, ən birinci ulduzları - onlar böyük partlamadan təxminən 200 milyon il sonra yaranıblar,- bu gün artıq optik teleskopla görmək mümkün deyil. Onların izləri Dopler effektinə uyğun olaraq, spektrin infraqırmızı diapazonuna sürüşüb. Ceyms Uebb mütləq sıfıra yaxın temperaturda – mənfi 267 dərəcədə işləyərək, ən birinci ulduzların və qalaktikaların kosmosda qalmış zəif istilik izlərini tutmağa çalışacaq. Biz bəzi böyük sualların cavablarını öyrənməyə çox yaxınıq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR