Dəyərli insan, peşəkar pedaqoq, əsl müəllimə, fədakar ana...

Əliyeva (Cəfərova) Nişanə Mobil qızı 05 mart 1952-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Xanlar (Samux) rayonunda orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra, Gəncə Dövlət Pedaqoji İnstitutuna (Gəncə Dövlət Universiteti) qəbul olunmuş, həmin təhsil müəssisəsini də uğurla başa vuran kimi müəllimlik fəaliyyətinə başlamış, 40 ildən artıq müddətdə riyaziyyat, cəbr və həndəsə fənlərini tədris etmişdir.

Ömrünün 70-ci baharını yaşayan Nişanə xanım dəyərli insan, peşəkar pedaqoq, əsl müəllimə, fədakar ana, qədirbilən övlad, qayğıkeş bacı, sevimli qayınana, istəkli nənə, güvənilən rəfiqə və sədaqətli həyat yoldaşıdır. Qeyd edək ki, onu xarakterizə edən aidiyyatı insanların dilindən eşitdiklərimiz əsasında bu qənaətə gəlmişik.

Sadə və zəhmətkeş Azərbaycanlı ailəsində dünyaya gələn Nişanə xanımın atası Mobil müəllim iqtisadçı, anası Anaxanım xanım isə evdar xanım olmuşdur. Onun Elməddin adlı bir qardaşı, Elza və Rüxsarə adlı iki bacısı vardır. Qeyd etmək lazımdır ki, atasını vaxtsız itirən Nişanə xanıma əmiləri Ənvər, Kərəm, Eyyub, bibiləri Natella, Dursun, Zərəngiz, dayısı Dilən və yoldaşı Gülüstan xüsusi diqqət və qayğı göstərmişlər. Həyat yoldaşı Fuad Əliyev ali kateqoriyalı mühəndisdir, müxtəlif vəzifələrdə çalışmışdır. O, həmçinin şair-publisistdir, poeziyada Fuad İslamoğlu kimi tanınır. “Təmizlik”, “Yaşamalı dünyadır”, “Bu səs sənin səsindirmi” və “Qartal səmada tək uçur” adlı dörd kitab müəllifidir. Nişanə xanım həyat yoldaşı Fuad müəllimlə birlikdə cəmiyyət üçün yararlı, millətinə və dövlətinə sədaqətli üç övlad böyütmüşdür. Böyük oğlu Nihad tanınmış diş həkimidir, ali dərəcəli həkim-stomatoloq, cərrah-inplantoloq-ortopeddir, Bakı və Sumqayıt şəhərlərində əhalinin sağlamlığının keşiyində dayanır. Qızı Ziyalə xanım ixtisasca iqtisadçı olmasına baxmayaraq, hazırda evdar xanımdır. Kiçik oğlu Firad isə prokurorluq orqanlarında qulluq keçir, Baş ədliyyə müşaviridir (ədliyyə polkovniki). Nişanə xanım həm də gəlinlərinə ana münasibəti bəsləyən qayınanadır. Gəlinləri Mina və Vüsalə müəllimədirlər. Nişanə xanımın Ləman (həkim), Aydan (müəllimə), Fuad (şərqşünas), Gülzar (həkim), Sərxan (tələbə), Nihal (tələbə), Fatimə (şagird) və Murad (şagird) adlı 8 nəvəsi vardır.

Tarix boyu bütün cəmiyyətlərdə müəllim peşəsinə hörmətlə yanaşılmış, müəllimə isə müqəddəs insan kimi baxılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “...Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram...”. Nişanə müəllimə də hər zaman bu şərəfli adı uca tutmuş, onu ləyaqətlə daşımışdır. O, şagirdlərinə zəngin elmi biliklər verməklə bərabər, həm də onlara valideyn qayğısı göstərmiş, ana nəvazişi hiss elətdirmişdir. Təsadüfi deyil ki, bir çox şagirdlər ona ana deyə müraciət etmiş və hazırda da eyni qaydada xitab edirlər. Bununla belə, Nişanə müəllimə, həmçinin, tələbkar olmuşdur ki, bu da şagirdlərinin, eləcə də xalqın və dövlətin firavan gələcəyinə hesablanmışdır. O, müxtəlif illərdə Sumqayıt şəhər 10, 21, 30 nömrəli məktəblərdə və Samux rayon məktəbində müəllim kimi layiqincə çalışaraq, üzərinə düşən vəzifələri məharətlə yerinə yetirməklə və nümunəvi davranışları ilə rəhbərliyin və müəllimlərin rəğbətini, şagirdlərin isə sevgisini qazanmışdır. Səmərəli fəaliyyətinə və qazandığı uğurlara görə dəfələrlə müxtəlif mükafatlarla təltif olunmuşdur. Xüsusi vurğulanmalıdır ki, fəaliyyəti boyu bir dəfə olsun belə intizam məsuliyyətinə cəlb olunmamışdır.

Bu gün şərəfli ömür yolu keçmiş, saysız-hesabsız insana bilik öyrətmiş, ana qayğısı göstərmiş, onları doğru yola istiqamətləndirmiş, Azərbaycan təhsilinə töhfə vermiş, sadəliyi, səmimiliyi, təvazökarlığı, insanpərvərliyi, vətənsevərliyi, xeyirxahlığı, bir sözlə bütün ali insani keyfiyyətləri özündə cəmləşdirmiş dəyərli insan və gözəl xanımın-Nişanə müəllimənin anadan olmasının 70-ci ildönümüdür. Metbuat.az saytı olaraq Nişanə müəlliməni 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, firavan həyat, ailə səadəti və hərtərəfli uğurlar diləyirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR