Ermənistan Zəngəzur dəhlizindən kənarda qalarsa, bundan özü ziyan görəcək - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasının yekununda iki ölkə arasında yeni sənədlər imzalanıb. Bu sənədlər müxtəlif sahələrdə əməkdaşlığı əhatə edir. Onlardan biri İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumudur.

İyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində təhlükəsizlik, hərbi təminat, o cümlədən Zəngəzur dəhlizi kimi bir sıra məsələlərə toxunulmuşdu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadakı çıxışı zamanı Zəngəzur dəhlizindən söz açarkən “Cənubi Zəngəzur dəhlizi” ifadəsinə yer vermişdi.

Bəs Azərbaycanla İran arasında tarixi Anlaşma Memorandumu “Cənubi Zəngəzur dəhlizi”nin açılması anlamına gəlməlidir?

Bu barədə Metbuat.az-a açıqlama verən siyasi ekspert Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycan ərazisindən keçən, yaxud başlayan nə “Cənubi”, nə də “Şərqi Zəngəzur” adlı dəhliz anlayışı yoxdur. Müsahibimizin şərh etdi ki, İran ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirəcək dəhlizin adı ilə bağlı iki ölkə arasında imzalanan memarandumda heç bir ifadə yoxdur.


“Bildirim ki, Şərqi Zəngəzur isə Azərbaycanda iqtisadi rayonlardan birinin adıdır. İran ərazisindən keçərək Azərbaycan Respublikası ilə anklavda olan ərazimizi – Naxçıvan MR-i birləşdirən dəhlizin yaradılması ilə bağlı razılaşma heç bir halda Zəngəzur dəhlizi layihəsinin kənara qoyulduğu anlamına gələ bilməz. İlk növbədə ona görə ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyannamə ilə tənzimlənir, İran ərazisindən keçərək Naxçıvanadək uzanacaq dəhliz isə Azərbaycanla İran arasında imzalanmış memaranduma əsasən yaradılacaq. Yəni bu dəhlizlər iki ayrı-ayrı dövlətlərarası razılaşmalar əsasında həyata keçiriləcək. Yaxşı olardı ki, bu barədə düzgün şərh edilsin ki, insanlar da prosesi doğru qavrasınlar”.

Elçin Mirzəbəyli onu da vurğuladı ki, Zəngəzur dəhlizi, şübhəsiz kənara qoyulmayacaq, amma Azərbaycan üçün ilk növbədə İran ərazisindən keçərək Naxçıvana çəkilən dəhliz prioritet təşkil edəcək. Çünki bizim üçün əsas məsələ ölkənin əsas ərazisindən Naxçıvana dəhlizin çəkilməsidir.

“İndiki şəraitdə Ermənistanın davranışları Zəngəzur dəhlizinin tez bir zamanda yaradılmasına və işə düşməsinə imkan vermir. Digər tərəfdən, bizim gələcəkdə də Ermənistana etimad göstərməyimiz üçün heç bir əsas yoxdur. Bu xüsusda əgər Zəngəzur dəhlizi gerçəkləşsə də belə ölkənin əsas ərazisini Naxçıvan MR-lə birləşdirən dəhlizin çəkilişinə ehtiyac var. Bu həm də ona görədir ki, Zəngəzur dəhlizi işə düşəcəyi təqdirdə Ermənistanın bu dəhlizdən sui-istifadə edərək, manipulyasiya etməsinə, yaxud reallıqdan sui-istifadə etməsinə imkan olmasın. İran ərazisindən keçən dəhliz Azərbaycanın bu istiqamətdəki ehtiyaclarını tam ödəyir. Yəni əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılması prosesini ləngidərsə bundan əsasən onun özü ziyan çəkəcək və indiki dalan-ölkə statusu ilə kifayətlənməli olacaqdır”.

Siyasi ekspert qeyd etdi ki, İranla imzalanan memarandumdan irəli gələn vəzifələr ilk növbədə Azərbaycanın milli maraqlarına xidmət edir. Bu tarixi Anlaşma Memorandumu İranın tranzit imkanların genişləndirməklə bərabər sözügedən ölkənin iqtisadiyyatına müsbət təsir göstərə biləcək amil kimi qiymətləndirilməlidir.

Mövzuya münasibət bildirən siyasi şərhçi Asif Nərimanlı isə düşünür ki, Azərbaycan bu addımla Avrasiyanın nəqliyyat şəbəkəsinin qurulmasında “ev tapşırığını” yerinə yetirir. İtirən tərəf yenə Ermənistandır.


“İrəvan İranla anlaşaraq, “Fars körfəzi – Qara dəniz” marşrutu ilə Zəngəzur dəhlizinə alternativ yaratmaq istəyirdi. Amma gözlənilən kimi olmadı. Bakı Tehranla anlaşdı və marşrutun Azərbaycan üzərindən keçməsinə nail oldu. Bununla da Azərbaycan birdən çox strateji gediş edərək Ermənistanın icra etmədiyi, həm də alternativ yaratmaq istədiyi Zəngəzur dəhlizinə alternativi də özü yaratdı. Onu da bildirim ki, Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən yol hələ də gündəmdə olan “Bir kəmər, bir yol” layihəsində “Orta Dəhliz”in aktuallığının saxlanılmasına imkan yaradır: Rusiyaya qarşı sanksiyalar layihənin Şimal dəhlizini faktiki olaraq sıradan çıxarır və Moskva daşımalarda Orta Dəhlizin keçdiyi Azərbaycan marşrutundan istifadə etməli olacaqdır. Cənub dəhlizinin keçdiyi İran da bu anlaşma ilə “Orta Dəhliz”ə - Azərbaycana birləşir”.

Asif Nərimanlı da onu da qeyd etdi ki, Zəngəzur dəhlizi layihəsi təxirə düşmür, sadəcə prosesi uzadan İrəvan seçim qarşısında qalır. Yəni Ermənistan ya dəhlizlə bağlı razılaşmalıdır, ya da regional layihələrdən kənarda qalacaqdır.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR