"Azercell"in Ramazan kampaniyası gülüş hədəfinə çevrildi

Ölkənin lider mobil operatoru “Azercell Telekom”un müqəddəs Ramazan ayı münasibətilə həyata keçirdiyi yeni kampaniya abunəçilər tərəfindən birmənalı qarşılanmayıb.

Kampaniyanın şərtlərinə əsasən, 9 aprel - 2 may 2022-ci il tarixlərində "Azercell" fakturasız xətt (SimSim) sistemindən istifadə edən abunəçilərə imsak vaxtında (02:00-06:00 saatlarında) istifadə üçün 2GB internet paketi təqdim olunur.

Metbuat.az xəbər verir ki, sosial şəbəkədə geniş müzakirə olunan bu kampaniya bəzi istifadəçilərin diqqətini cəlb etsə də, əksər abunəçilər qeyd ediblər ki, saat 02:00-06:00 arasında təqdim edilən hədiyyə internet paketi əsasən yuxu saatlarına təsadüf etdiyindən bu imkandan yararlanmaq mümkün olmur.

"Azercell"in Ramazan kampaniyasına aid yazılmış rəylərin bəziləri

Məsələ ilə bağlı Azercell Telekom MMC-nin mətbuat xidmətinə sorğu ünvanladıq. Şirkətdən Metbuat.az-a verilən açıqlamada bildirildi ki, “Azercell” özəl Ramazan kampaniyasının məqsədi oruc tutan abunəçilərin o saatlarda oyaq qaldıqlarını nəzərə alaraq internet ehtiyaclarını qarşılamaqdır.

“Bu kampaniya Ramazan ayında oruc tutan abunəçilərin bir çoxunun iftardan sonra gec saatlara qədər oyaq qaldıqlarını və çox zaman da iftardan imsaka qədər yatmamaları üçün o saatlarda internetdən istifadə etmək ehtiyaclarını dəstəkləyir. Nəzərə alsaq ki, kampaniya xüsusi olaraq Ramazan ayında oruc tutanlar üçün nəzərdə tutulub və eyni ayın adını daşıyır, burada Azercell şirkətinin oruc tutan abunəçilərinə qarşı özəl qayğısı öz əksini tapıb” - deyə şirkətdən edilən açıqlamada qeyd olunub.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR