Siz kitabla gəlin, biz güllə-çiçəklə qarşılarıq! - Şəmil Sadiq yazır

Həmişə böyük-kiçik, istənilən ideyanı həyata keçirmək istəyəndə bacaracağımıza inamla başlayıram!

Əlbəttə ki, məndən içəridə olan mən də hamı kimi şübhə ilə yanaşır, birdən alınmaz, birdən bacarmarıq kimi suallar verir! Amma daxili motivasiyamın inancı cəsarətləndirir və geri çəkilmirəm.

Tədbirə tanınmış ziyalılarımız da təşrif buyurmuşdu

Oxu gününün Xırdalanda respublika səviyyəli bir tədbir kimi keçirilməsi qərarını verəndə də bu hisslər yaxamdan tutmuşdu. Ona görə xüsusi müzakirəyə buraxmadım və başladıq. Haqlı suallar vardı; hava imkan verəcəkmi, İcra hakimiyyəti icazə verərmi, Xırdalanda bu qədər kitab oxuyan varmı, açıq havada necə olar, yazıçı və ziyalılar gələrmi və sairə. Bəli, hər biri məni də düşündürürdü, daxildə narahatlıq da vardı. Amma özümə inandığlm kimi, komandama da inandığım üçün baş tutacağına əminliklə dostları inandıra bildim. Və beləcə, Azərbaycanımızda “bölgələrə kitabla gedək” prinsipinə tam cavab verən respublika səviyyəli bir sərgi-festival baş tutdu. Həm də qürurverici şəkildə.

Soldan sağa: Səmil Sadiq, Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev və müasir Azərbaycan poeziyasının dəyərli nümayəndələrindən olan Rüstəm Behrudi

İstər təşkilati işlər, istər rəsmi proseslər, istər əhalinin marağı çox yüksək səviyyədə oldu. Hər dəfə vurğuladığım kimi, inasanımıza sadəcə şərait yaratmaqla onun gücünü, birliyini görmək çox asandır. 44 günlük Vətən müharibəsi millətimizin xarakterini çox yaxşı ifadə etmişdi: birlik, sevgi, mərdlik, xeyirxahlıq!

Azərbaycan xalqı kitaba dəyər verən xalqdır

İlk olaraq Abşeron rayon İcra Hakimiyyətindən müraciətimizə aldığımız müsbət cavab, təbiətin də bizə dəstək olaraq gözəl havası, Hədəf Qrup komandasının çağırışıma cani-könüldən qoşulması, Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyi (ANAİB) üzvlərinin, digər nəşriyyatlarımızın, kitab mağazalarımızın sevə-sevə iştirak arzusu, Xırdalan camaatının alqışa layiq iştirakı, icra hakimiyyətinin parkda yaratdığı şərait və s. hər şey möhtəşəm idi! Hər birinizə ayrıca təşəkkür edirəm!

Xüsusən də oxuculara, övladlarının əlindən yapışıb kitab bayramına gətirən valideynlərimizə minnətdaram!

Məhz Xırdalan camaatı bizə bir daha sübut etdi ki, siz regionlara kitabla gəlin, biz sizi güllə, çiçəklə qarşılayarıq!

Burada hər yaşdan olan oxucu tapmaq mümkün idi

Nəşriyyatlar, kitab mağazaları da çox razı qaldı. Ona görə yox ki, satış yaxşı oldu, məhz ona görə ki, insanımız kitaba doğru gəldi, onu bağrına basdı, alqışladı, yüksəyə qaldırdı.

Etiraf edək ki, kitabımız yetim qalıb çoxdandır! Gördüyünüz kimi, hələ də bu cür hadisələrə sevinir, təəccüblənirik! Tanrıdan bizə bu təəccübü unutdurmağı arzu edirəm! Bu cür hadisələrin adi məişət ehtiyacı kimi qarşılandığı gün bizi biz edəcək!

Məhz o ziyalılarlmıza təşəkkür edirəm ki, Xırdalandır, açıq havadır, şəraitin necə olacağından xəbəri olmadan dəvətimizi votsapla, telefon zəngləri ilə belə qəbul edib iştirak etdilər, oxucuları sevindirdilər, kitaba dəstək verdilər!

İstər Hədəf Qrup, istər ANAİB komandası, istərsə də yerli icra orqanları hər kəsi razı salmaq üçün əllərindən gələni etdilər!

Həm oxuyuruq, həm oxuduruq

Bu sevinc, bu qürur isə şəxsən mənə böyük stimul oldu, həvəsləndirdi, sabaha ümidimi birə-beş artırdı!

P.S. Heç bir nəşriyyat hər hansı bir ödəniş etmədən iştirak etdi. Hədəf Qrupun və ANAİB əməkdaşlarının dəstəyi və Hədəf nəşrlərinin maddi imkanları ilə belə bir möhtəşəm tədbiri keçirə bildik!

Halbuki bu cür tədbirlərə aidiyyəti qurumlar yüzminlərlə vəsait ayırır və yerləri də ödənişlə təqdim edir!

2015-ci ildə ilk dəfə keçirdiyimiz “Oxu günü”ndə də, indi də bütün nəşriyyatları bir bayraq altında, sevgi ilə birləşdirə bildik! Demək ki, mümkündür!

Bunu ANAİB olaraq sübut edə bildik, birləşə və dəstəkləşərək nail olduq çox şeyə!

Şəmil SADİQ
HƏDƏF Qrupun qurucu direktoru, ANAİB idarə heyətinin sədri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR