İlon Maskın “Starlink” layihəsi -

“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın “Starlink” şəbəkəsi alçaq orbitdə çoxlu sayda rabitə peyklərini yerləşdirməklə dünyanın hər yerində, o cümlədən, ən ucqar nöqtələrdə 5G rabitə texnologiyasına uyğun gələn internet xidmətini təmin etməyi nəzərdə tutur. Dünyanı kəsintisiz internetlə təmin etmək üçün Mask 12 000 peyki orbitə çıxarmaq üçün ABŞ rəsmilərindən icazə alıb.

Bundan başqa, amerikalı milyarder bu layihəsindən istifadə edərək Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizədə Ukraynaya dəstək verib və ölkənin “Starlink” peyk internetinə çıxışını təmin edib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Metbuat.az-a bildirib ki, Ukrayna-Rusiya müharibəsinin başlanması ilə “Starlink” özü də bir silaha çevrilib:

“Ukrayna uğrunda müharibə həm də göydə gedir. Rusiya var qüvvəsilə "Starlink"i sıradan çıxarmağa, siqnallarını söndürməyə və əngəlləməyə çalışır. Amma İlon Maskın komandası dərhal peykin proqram təminatlarında yeniləmə və yeni kodlar əlavə etməklə kiber hücumun qarşısını alırlar.

Hazırda Ukraynada "Starlink"in nəinki kritik qurumlarda, artıq mülki sektorda, vətəndaşlar arasında da istifadəçiləri xeyli artıb. Hazırda bu ölkədə 150 min istifadəçi "Starlink"dən internet alır. Bu isə Rusiya ordusunun işğalçılıq addımlarını xeyli çətinləşdirir”.

Osman Gündüz dronların gətirilməsi prosedurunu pislədi

Osman Gündüz

Bu layihənin Azərbaycanda gerçəkləşməsinə gəlincə, ekpertin sözlərinə görə, bunun üçün ölkəmizdə iki şərt ödənilməlidir:

“Ölkə ərazi "Starlink" peyklərinin əhatə dairəsinə daxil olmalı və ən əsası da həmin ölkənin tənzimləyici qurumu onun fəaliyyətinə icazə verməli, ən azı şərait yaratmalıdır. Artıq "Starlink"də Azərbaycanın ərazisinin də əhatə edildiyi görsənir. Qalır tənzimləmə məsələsi. Bu isə hökumət səviyyəsində həll edilməlidir. Çünki "Starlink" peyk internet xidməti olduğundan, burada söhbət yalnız siqnalın qəbulundan deyil, onun peykə ötürülməsindən də gedir. Peyk siqnalının qəbulunun sərbəst və lisenziyasız olmasına baxmayaraq, siqnalın ötürülməsi lisenziyalı xidmətdir. Yəni "Starlink"in ölkədə quracağı ötürücü stansiya üçün mütləqdir ki, icazə alınsın və şərait yaradılsın".

Osman Gündüz "Starlink"in informasiya təhkükəsizliyi üçün önəmli olduğunu qeyd edib:

"Əlbəttə Ukraynada olduğu kimi, qonşu ölkələrin peyk stansiyalarından da istifadə oluna bilər. Düşünürəm ki, Peyk interneti nə qədər baha olsa da, Ukrayna müharibəsi də göstərdi ki, alternativ olaraq, informasiya təhkükəsizliyi və milli təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan "Starlink"in ölkəmizdə fəaliyyətə başlamasına şərait yaratmaq doğru olardı”.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxlasaq da, suallarımız cavabsız qaldı.

Qeyd edək ki, İlon Mask “Starlink” şəbəkəsinin ilk 60 peykini 2019-cu ilin may ayında, ikinci qrupu oktyabr ayında, üçüncü, dördüncü, beşinci qrupları da bu ilin yanvar-fevral aylarında, son dəfəki isə 22 aprel tarixində fəzaya çıxarıb.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR