Gəncədə binada baş verən partlayışla bağlı “Azəriqaz”dan AÇIQLAMA

Gəncə şəhərində baş verən partlayışın səbəbləri araşdırılmadan, rəsmi mövqe açıqlanmadan hadisənin guya qaz sızması nəticəsində baş verdiyini demək olmaz.

Metbuat.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev dünən axşam saatlarında Gəncədə 5-ci mikrorayonda yerləşən binaların birində baş verən partlayışla bağlı məsələyə münasibət bildirərkən deyib.

E. Vəliyev diqqətə çatdırıb ki, bu ilin fevral ayının 7-də, hadisənin baş verdiyi binada Birliyin əməkdaşları tərəfindən təhlükəsizliklə bağlı təlimatlandırma prosesi icra olunub və partlayışda dünyasını dəyişən şəxsin təlimat jurnalında imzası da mövcuddur: “Digər yerlərdə olduğu kimi sözügedən binada da sızma halları daim diqqət mərkəzində olub. Odur ki, dəyərli həmkarlarımı bütün bunları nəzərə almağa və rəsmi açıqlamanı gözləməyə çağırıram”.

Onun sözlərinə görə, ola bilər ki, rəsmi cavabda hansı hallardasa qaz adı keçər, hətta birbaşa keçər: “Amma icazə verin, bu, istintaqın nəticəsində gəlinən qənaət olsun”.

"Bir nəfərin ölümü ilə nəticələnən hadisədən "Azəriqaz" olaraq biz də üzüldüyümüzü ifadə edir. Mərhumun yaxınlarına başsağlığımızı çatdırır", - E. Vəliyev bildirib.

Qeyd edək ki, Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi, bina 9, mənzil 20-də (ümümi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş vermiş yanğın artıq söndürülüb.

Hadisə yerinə 8 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir. Hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun meyiti aşkarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR