AZAL-ın "cib yandıran" qiymət siyasəti - Biletlər nəyə görə belə BAHADIR?

"Azərbaycan Hava Yolları" (AZAL) vətəndaşlara təqdim etdiyi xidmətin olduqca bahalı olması və ya vətəndaşların dili ilə desək, ciblərinə uyğun olmayan qiymətləri ilə yenidən gündəmdədir.

Metbuat.az xəbər verir ki, bir neçə gün bundan öncə Nazirlər Kabineti iyunun 6-da “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarında dəyişikliklər edib. Bununla da, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilir. Vətəndaşların gözlədiyi sərfəli qiymətlərdi, amma AZAL yenə də qiymət siyasətində artıma üstünlük verir.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa Metbuat.az-a bildirdi ki, artıq bu məsələ ilə bağlı qərar verilməlidir:

"AZAL-ın qiymət siyasətindən daha çox müəyyən həssas təbəqələrə olan münasibətdən söhbət gedir. Bu gün məsələyə yalnız Naxçıvan üzərindən baxılmamalıdır. Deyək ki, Naxçıvan rentabelli sayılmaya bilər, bəs İstanbul, digər şəhərlər necə? Necə olur ki, qonşu ölkələrdə bu qədər ucuz bilet qiyməti Azərbaycanda ikiqat bahadır və hər zamanda dövlət büdcəsində bu quruma vəsait ödənilir. Bu məsələlər üzərində düşünülməlidir və biz artıq qərar verməliyik ki, Azərbaycan vətəndaşını bu qədər sıxıntıya salmağa ehtiyac varmı? Xüsusilə də, müharibədən sonra Naxçıvan onsuz da blokada içərisindədir. Bu günədək də yol açılmayıb. Qiyməti endirmək yerinə, qaldırırlar. Baxmayaraq ki, hava məkanında məsafə daha çox yaxınlaşıb. Bəs biz bu qiymət artımında nəyə nail oluruq? Bütün bunlar vətəndaşa izah olunmalıdır ki, nəyə görə qiymət qalxır? Naxçıvanda 3-5 uşaqlı ailə bir ananın pensiya pulu ilə dolanır, yaşayır. Buna da yaşamaq demək mümkündürsə. Bu çətinlikdə olan bölgəyə qiymət artımının nə izahı ola bilər?".

Fazil Mustafa: "Kitab satışında ƏDV GÖTÜRÜLSÜN!” -

Fazil Mustafa

Millət vəkilinin sözlərinə görə, AZAL-da monopoliyaya son verilməməlidir, əks halda zərərçəkən tərəf Azərbaycan vətəndaşı olacaq:

"Bu məsələ düşünülməmiş yanaşmadır və aradan qaldırılmalıdır. AZAL-a baxış dəyişməlidir, monopoliya qutarmalıdır. Bir neçə hava şirkətinə imkan yaradılmalıdır ki, rəqabət yaransın və qiymətlər də bu istiqamətlə həllini tapa bilsin. Əks halda bunun sıxıntısını Azərbaycan vətəndaşı çəkəcək. Həm də Qarabağı işğaldan azad etdiyimiz dövrlə əvvəlki dövrü vətəndaşlarımız görə bilməyəcək. Bu da vətəndaşların dövlətə münasibətində müəyyən narazılıqlar yaratmağ başlayacaq və bu da yolverilməzdir".

İqtisadçı-ekspert Natiq Cəfərli Metbuat.az-a bildirdi ki, AZAL hələ də qiymətlərin hesablanması ilə bağlı hər hansı açıqlama verməyib:

"Rəsmi açıqlamaya görə AZAL-ın Naxçıvana bilet satışında qiymətləri 10 manat artırmasına səbəb dövlət büdcəsindən verilən gəlirin azaldılmasıdır. Əsas məsələ isə nəyə görə AZAL-a dövlət büdcəsindən əvəzsiz maliyyə vəsaiti verilir, şirkət biletlərin qiymətini necə hesablayır və ya bir sərnişin üçün Naxçıvana uçuş neçəyə başa gəlir sualına hələ də cavabların olmamasıdır. Əslində, bu barədə vətəndaşlara məlumat verilməlidir. AZAL dövlət şirkətidir, həmin o dotasiyalar isə dövlət büdcəsindən ödənilir və biz vətəndaşlar da bu büdcədə öz vergilərimizlə iştirak edirik. Buna görə də belə açıqlamalar ictimaiyyətlə bölüşdürülməlidir".

Dünyada şirin su qıtlığı kontekstində Azərbaycan - İqtisadçı ekspert

Natiq Cəfərli

Ekspert qeyd edir ki, bazara başqa şirkətlər də daxil olsa, qiymətlər tənzimlənə bilər:

"AZAL-ın bütün istiqamətlərdə qiymətlərinin baha olması inhisarçı mövqeyidir və bu gün az qala uçuşların 100%-i AZAL tərəfindən həyata keçirilirsə, hətta xarici şirkətlər belə məcburən şirkətlə birgə reyslər təşkil edirsə, bunun səbəbkarı AZAL-ın özüdür. Yəni inhisarçı mövqeyi AZAL-ın bu qiymətlərinə imkan yaradır. Ona görə də, bazara başqaları da çıxarılmaldıır. Elə Naxçıvan məsələsində də təkcə AZAL-ın uçuş həyata keçirməsi məntiqli deyil. Ola bilər ki, xarici şirkətlər, o cümlədən, türk şirkətləri üçlü reyslər keçirə bilərlər. Bu reyslər olsa, əhalinin tələbatına cavab verəcək, qiymətlərin tənzimlənməsində də rol oyanaya biləcək. Həmçinin burada quru sərhədlərin də bağlı olması AZAL-ın xeyrinədir. Çünki quru sərhədlərin də bağlı olması vətəndaşlar üçün alternativləri minimuma endirir. Vətəndaşlar quru sərhədlərinin bağlı olması səbəbindən Naxçıvana səfər etmək üçün biletlərin baha olmasına baxmayaraq təyyarədən istifadə etməyə məcbur qalırlar".

Qeyd edək ki, məsələ ilə bağlı AZAL-a sorğu göndərsək də, heç bir cavab almadıq.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR