"Vətəndaşın dənizə çıxışını bağlamaq olmaz" -

Hər il çimərlik mövsümündə aktual olan problemlərdən biri də doğma Xəzərin ərazilərinin kimliyi bəlli olmayan şəxslər tərəfindən hasarlanmasıdır. Yayın qızmarından sərinləmək üçün dənizə üz tutanların istirahət arzusuna sədd çəkən bəzi şəxslərin işgüzarlığı səbəbindən vətəndaşlar 1-2 kilometr əlavə yol qət etməli olurlar. İndi isə bu problem Buzovna çimərliyi ərazisində yaranıb. Belə ki çimərliyin bir neçə kilometri naməlum şəxslər tərəfindən hasarlanıb.

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Metbuat.az-a bildirdi ki, elə dəniz sahili ərazilər var ki, ora baxımsız vəziyyətdə olduğu üçün özəl sektorun müdaxiləsi ilə həmin ərazidə hansısa bir iaşə, obyektlərin salınması normaldır. Nəticədə əhali üçün təmiz istirahət mərkəzi qurulur ki, bu da çox müsbət bir haldır. Amma digər insanların yaşadığı ərazilərdə dənizə çıxışın bağlanması faktı isə yolverilməzdir.

Fazil Mustafa: "Kitab satışında ƏDV GÖTÜRÜLSÜN!” -

Fazil Mustafa

“Adətən belə hasarlama işləri naməlum şəxslər tərəfindən deyil, daha çox məlum şəxslər tərəfindən edilir. Bu şəxslərin də müəyyən imtiyazları var. Bizim məsələ ilə bağlı Pirşağı və başqa istiqamətlərdə müraciətlərimiz olsa da, əhəmiyyət verən olmadı. Hazırda əhalinin dənizə çıxışı olan yerlərin bağlanması müzakirə mövzusu olsa da, dəniz sahilinin bütövlükdə belə boş qalmasının da bir mənası yoxdur. Tibbi, hüquqi həmçinin idmana yararlı olan ərazilərdə infrastrukturun qurulması üçün müəyyən dərəcədə kapital qoyulmasına, özəl sektorun bura yönəldilməsinə ehtiyac var və bu vacibdir. Amma bütün hallarda vətəndaşın dənizə çıxışını bağlamaq olmaz”.

Fazil Mustafa qeyd etdi ki, belə məsələlər zamanı Buzovna, Pirşağı, Kürdəxanı istiqamətində olan çimərliklərə xüsusi həssaslıqla yanaşılmalı, vətəndaşların narazı qalmasına, əziyyət çəkməsinə imkan verilməməlidir.

“Həmin çimərliklərdə qum futbolunun inkişafı üçün futbol meydançalarını bərpa etmək lazımdır. Ümumiyyətlə bir çox məsələlər var ki, bunları diqqətdən kənarda saxlamaq düzgün deyil ”.

Ekspert Elnur Fərzəliyev isə düşünür ki, hər hansı tikinti işlərinin aparılması üçün icra hakimiyyəti, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və yaxud İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti bu məsələyə müdaxilə edir. Müsahibimiz qeyd etdi ki, tikinti aparılması üçün bütün qaydalar dəyişib, rəsmi surətdə icazə alınmalı, layihə təsdiq olunmalıdır.

Elnur Fərzəliyev

“Ümumiyyətlə Xəzər dənizi sahilinin böyük bir hissəsi hasara alınıb. Bu qeyri-qanunidir və insanların mədəni istirahətinə mane olur. Nəticədə həmin ərazidə olan kirayə evlərə maraq da azalır. Elə ölkəyə gələn turistlərin əksəriyyəti də dənizi cəlbedici hesab etdiyi üçün bura səfər edirlər. Amma dənizin sahilinin hasarlanması və çirklənməsi o turistlərin də çimərlikdən uzaqlaşmasına səbəb olur”.

Qeyd edək ki, məsələdən Xəzər rayon İcra Hakimiyyəti xəbərdar olsa da onlar, icazənin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən (BŞİH) verildiyini qeyd ediblər. BŞİH isə ərazinin Xəzər rayon İcra Hakimiyyətinin balansında olduğunu əlavə edib.

Görünən odur ki, qurumlar vəziyyəti bilsə də müdaxilə etməkdən problemi bir-birinin üzərinə atırlar. Nəticədə isə əziyyəti yenə vətəndaş çəkməli olur.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR