ANAMA və ADRA arasında memorandum imzalanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) arasında memorandum imzalanıb.

Metbuat.az xəbər verir ki, memorandumun məqsədi vizual kommunikasiya vasitələri hesabına partlayıcı qurğuların təhlükəsi ilə bağlı insanların maarifləndirilməsi işini təkmilləşdirmək, mina xəbərdaredici işarələrin göstəriciləri barədə məlumatlandırmağa davam etmək, habelə, insanların şüurunda nizam-intizam və özünə məsuliyyət barədə fikir formalaşdırmaqdır.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov bildirib ki, mina və müharibənin partlayıcı qalıqları problemi istər, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına cəlb olunan, istərsə də müharibəyə məruz qalmış rayonların, həmçinin keçmiş təmas xətti boyu ərazilərin sakinlərinin həyat və fəaliyyətinə təhlükə mənbəyidir. Qeyd olunub ki, 2020-ci ilin 10 noyabr tarixindən cari ilin 23 iyun tarixinədək mina partlayışları nəticəsində 225 nəfər minaların qurbanı olub, onlardan 186 nəfər xəsarət alıb, 39 nəfər həlak olub".

Sədr memorandumun vacibliyinə diqqət çəkib: "“Böyük qayıdış” proqramı çərçivəsində ilk sakinlərin yaşayış məntəqələrinə yerləşdirilməsi üzrə başlanan işlər bu fəaliyyəti daha da zəruri edir. Beləliklə, maarifləndirmə işində məlumatların əhaliyə hərtərəfli, dolğun çatdırılması məqsədi ilə bu prosesə bütün kommunikasiya vasitələrinin cəlb edilməsi vacib məsələlərdən birinə çevrilib. Bu mövzuda sosial xarakterli reklamların açıq məkanda yayımının həyata keçirilməsi məqsədilə bu sənəd imzalanır".

ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadov isə qeyd edib ki, işğaldan azad edilən ərazilərdə insanları ehtiyatlı davranmağa səsləyəcək sosial xarakterli reklamlar təkcə bölgələrdə deyil, eləcə də respublikanın zəruri olan ərazilərində yayımlanacaq: ""Mina terroru” ilə mübarizəyə dəstək vermək hər bir vətəndaşın borcudur. Buna görə də soydaşlarımızın minalanmış ərazilərdə qoyulmuş qaydalara ciddi əməl etməsi mütləqdir. İki qurum arasında təməli qoyulan əməkdaşlıq əhalinin təhlükə barədə məlumatlı olmasına və təhlükəsiz şəraitdə işğaldan azad edilmiş ərazilərdə yaşaması üçün öz töhfəsini verəcəkdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR