Təbiət qoynunda rahat, ucuz istirahət: Faydalı istisu bulaqları, kəklikotulu çay, təmiz hava... - FOTO

Respublikamızın dilbər guşələrindən biri də Astara rayonudur. Bu regionumuz ilin dörd fəslində maraqlı təbiəti, faydalı mineral bulaqları, sıx meşələri ilə nəinki turistlərin və yerli sakinlərin həmçinin ekstrim sevərlərin də diqqətini cəlb edir.

İstirahətimizin ilk ünvanı olan Astara rayonunun Şuvaş kəndi olduqca gözəl təbiəti ilə insanı cəlb etməklə yanaşı, həm də sağlamlığın qayğısına qalmaq istəyənlərə də bir çox imkanlar vəd edir.

İstisuya gedən yol

İran sərhədinə yaxın yerləşən bu kənddə də müalicəvi istisu bulaqları sanki möcüzədən fərqsizdir. Təbiətin qoynunda, sakit axan isti su bulaqlarında dincəlmək istəyənlər üçün burada az da olsa şərait yaradılıb. Bunun üçün hazırlanan kiçik hovuzların içərisinə qaynar su axıdılaraq orada toplanılır, daha sonra turistlərə dincəlmək üçün təklif edilir.

Ərazidə qonaqlara çay və isti su vannası xidməti təşkil edən yerli sakin bildirdi ki, yay aylarında imkanı nisbətən daha komfortlu sanatoriyalara çatmayan turistlər buraya gələrək cəmi bir manat ödəməklə kiçik vannalarda isti suda dincələ bilərlər.

u

İstisudan rahat istifadə üçün düzəldilmiş vanna

Təbii isti su vannalarının sağlamlıq üçün xeyri və üstünlükləri çoxdur. Qan dövranında, tənəffüs yollarında problemi olan şəxslər, həmçinin xroniki yorğunluğu, sümük, oynaq və əzələ ağrılarından əziyyət çəkənlər burada müalicəvi suda dincəlib, sağlamlıqlarını bərpa edə bilərlər.

İlin 4 fəslində, yerdən təbii halda çıxan müalicəvi isti su sizin səhhətinizdə yaranmış dəri-zöhrəvi, mədə-bağırsaq, sinir sistemi, ürək-damar sistemi problemlərinin dərmansız, təbii yollarla müalicə edəcəkdir.

Müşahidə zamanı gördük ki, daha çox kənd sakinləri və bir neçə kilometrdə yaşayanlar bura gələrək ailəsi və uşaqları ilə dincəlirlər. İstirahətə gələnlər həm də dağın ətəklərində salınan kiçik kotec tipli yerli sakinlərin dilində "ləm" deyilən yerdə oturub, kəklikotulu, samavar çayından da dada bilərlər. Bunun üçün isə cəmi bir manat ödəmək kifayətdir ki, buz kimi çay suyunda hazırlanmış ətrli çayın dadını duyasan.

Ümumiyyətlə, ölkəmizin zəngin təbiəti imkan verir ki, cibimizə uyğun istirahər edib, gərgin iş və həyat stressindən bir qədər aralana bilək. Yay aylarının qısa olduğunu nəzərə alıb, az da olsa, imkan tapan kimi dincəlmək istəyənlərə bu kənd öz qonaqpərvərliyini və gözəl təbiətini təqdim edəcəkdir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR