Lənkəranın incisi Xanbulan gölü:

Lənkəranın incilərindən sayılan Xanbulan gölü füsunkar təbiəti ilə onun qoynunda dincələnləri valeh edir.

Göl Lənkəranın eyni adlı kəndində yerləşir. Meşəliklə əhatə olunan su dəryaçasının ətrafında hazırda bir neçə kiçik istirahət mərkəzləri fəaliyyət göstərir.

Yay aylarında həm Cənub bölgəsindən, həm də respublikanın müxtəlif bölgələrində yaşayanlar axın-axın buraya gələrək bu gözəlliyin tamaşaçılarından biri olmaq sevincini yaşayırlar.

Xanbulan gölü

Gölün yaranma tarixi barədə bir qədər qeyd etmək istərdim. Xanbulan 1970-ci ildə süni olaraq suvarma məqsədi ilə yaradılıb. 1976-ci ildə isə gölün bir hissəsində su anbarı istismara verilib. Su anbarının istifadəyə verilməsi ilə Azərbaycanın subtropik zonasında 22 min hektar torpaq sahəsinin suvarılması təmin edilmişdir. Su anbarını lazımi miqdarda axınla təmin etmək üçün Bəşəruçay üzərində dağ tipli suqəbuledici tikilmişdir.

Xanbulanın ümumi su tutumu 52 mln m³-dir, ən dərin nöqtəsi isə 75 metrdir. Gölün uzunluğu 5 km-ə yaxın, eni isə 2 km-dən çoxdur.

Göl ətrafında kiçik yellənclərin salınması burada dincələn hər yaşda olan insanın diqqətini cəlb edir.

Burada istirahət etmək üçün bir neçə təklif var. Əgər büdcəniz imkan verirsə, ərazidə yaradılan restoranlarda qidalanıb, göl ətrafında dincəlmək olar. Bir qədər hündürdə göl mənzərəli kiçik oturacaqlarda oturub çay içmək də xüsusi zövq verir. Amma bunun üçün isə 15-20 manatınızdan keçməli olacaqsınız. Çay dəsgahı şokolad, mürəbbə və çərəzdən ibarətdir. Doğrusu, bir qədər keçmişə nəzər salsaq burada çay içmək bu qədər də baha deyildi. Görünür, son zamanların iqtisadi bahalaşma dalğası və bir qədər də turistlərin gölə marağının artması kiçik sahibkarlıqla məşğul olanların qiymətləri artırmasına səbəb olub.

Onu da qeyd edək ki, Xanbulan gölünə ilin dörd fəslində səyahət etmək mümkündür. Bunun üçün müxtəlif bölgələrdən, xüsusən də paytaxtdan turlar da təşkil edilir. Gənclər üçün yeni dostluqlar qurmaq baxımında belə turlar vasitəsi ilə səyahət etmək, xüsusən də gölün ab-havasında dincəlmək yenilik ola bilər. Ailəsi ilə gəlib günün stressi və yorğunluğundan xilas olmaq istəyənlər isə xüsusən axşam saatlarında göl ətrafında bir stəkan çay içib bu şansı dəyərləndirə bilərlər. Foto həvəskarları isə masmavi suyun üzərinə düşən yaşıl ağacların vəhdətində çəkilmiş şəkilləri ilə əsl günün ulduzuna çevriləcəklər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR