“Mauqli” ləqəbli Elvin müharibədən qayıdanda belə qarşılanmışdı -

Sabirabadda özünü yandıraraq intihar edən qazi Elvin Cəfərovun ölümü cəmiyyətdə geniş səs-küy yaradıb. Ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri mərhum Elvin Cəfərovun 44 günlük müharibədən qayıdarkən qarşılanma mərasimi zamanı lentə alınan videonu paylaşırlar.

“AzərTAC” tərfindən hazırlanan reportaj “Vətən müharibəsində düşmənə qan udduran Mauqli ləqəbli qazinin döyüş yolu” təxminən iki il əvvəl hazırlanıb.

AzərTac-ın 24 noyabr 2020-ci il tarixində Elvin Cəfərovun evindən hazırladığı reportajı təqdim edirik:

“Qırx dörd günlük zəfər yürüşündə Azərbaycan oğulları döyüş meydanında əsl tarix yazdılar. Belə oğullardan biri də 39 gün müddətində Vətən torpağı uğrunda döyüşən Elvin Cəfərovdur. Yoldaşları arasında Mauqli ləqəbi qazanan və pulemyotçu olan Elvinin iştirak etdiyi hücumlardan birinin videosu da sosial şəbəkələrdə yayılıb.

Qəhrəmanımız Sabirabad rayonunun Qalağayn kəndindindəndir. Ötən gün əməkdaşlarımız bölgədə olarkən qazimizin təntənəli qarşılanma mərasiminin şahidi olublar.

Vətən müharibəsində Elvin bir neçə dəfə yaralansa da, döyüşə davam edib. Sonuncu dəfə ağır yaralandığı üçün hospitala yerləşdirilib. Ötən gün isə qazimiz öz doğma yurduna qayıdıb və həmyerliləri tərəfindən alqışla qarşılanıb. Görüş zamanı Elvin qələbə ilə bağlı fikirlərini belə ifadə edib: “27 il işğal altında qalan torpaqlarımızı 44 günə azad etmək bizim üçün böyük şərəfdir. Vətən torpağı uğrunda könüllü olaraq döyüşə yollandım. Döyüş yolum Füzulidən başladı, Hadrut, Qubadlı istiqamətində döyüşdüm və axırıncı dəfə Laçında yaralandım. Amma qələbə mənə bütün yaralarımı unutdurdu. Bu gün qələbə bizimlədir, yaşasın Müzəffər Ali Baş Komandan, var olsun Azərbaycan Ordusu, yaşasın Azərbaycan xalqı”.

Qazimiz sakinlərin müşayiəti ilə ata evinə yollanmazdan əvvəl Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizi ehtiramla andı. Elvin qarşılananda həyətlərində böyük sevinc hissi yaşanıb. Azərbaycan ordusunun qalib qazisini isə Cəfərovlar ailəsi fəxr hissi ilə qarşılayıb.

Qazimizin anası Ruqiyyə Cəfərova sevinc hisslərini bölüşüb:

“Oğlumla fəxr edirəm, övladlarımızın hamısının borcudur ki, Vətənin keşiyini çəksin. Bu gün çox sevinirik, 30 ilə yaxın işğalda olan torpaqlarımız azad edilib, şəhidlərimizin qisası alınıb, ərazi bütövlüyümüz bərpa olunub. Qarabağ Azərbaycandır!”.

Qazimizin övladları Zakir və Mehrac da ataları ilə fəxr etdiklərini söyləyiblər.

Elvinin idmançı qardaşı Elnur deyib ki, sevincinin həddi-hüdudu yoxdur: “Qardaşım və onun kimi igidlər şanlı bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırdı. Elvin bir neçə istiqamətdə döyüşlərdə iştirak edib. Qardaşıma Mauqli ləqəbi veriblər. Elvin axırıncı dəfə yaralananda eşitmə qabiliyyətini və nitqini itirmişdi. Hospitalda məni gördü və ağlamağa başlayarkən nitqi açıldı. Daha sonra müalicəsinə davam etdi. Sağaldıqdan sonra isə evə qayıtdı. Bütün ordumuzla fəxr edirəm, bu qələbə sevincini bizlərə yaşatdı”.

Qazimizlə söhbət əsnasında onunla bağlı çoxlu maraqlı faktları da öyrənmiş olduq. Elvin sosial şəbəkələrdə yayılan döyüşçülərimizin həmləsini əks etdirən videoçarxdakı qəhrəmanlarımızdandır. Həmin videoda pulemyotçu olan Elvin özüdür.

Keçdiyi döyüş yolundan danışan Elvin deyib ki, müharibə başlayanda könüllü olaraq hərbi komissarlığa müraciət edib: “Torpaqlarımızı azad etmək üçün yola düşəndə sevincimin həddi-hüdudu yox idi. Çünki biz ölməyə yox, düşmənləri torpaqlarımızdan qovmağa yola düşürdük. Döyüş yolum Füzulidən başladı, daha sonra Hadrutda, Qubadlıda gedən döyüşlərdə iştirak etdim. Laçın döyüşlərində oldum, düşmən bizi artilleriyadan atəşə tutsa da, biz sevinclə, qürurla irəliləyirdik”.

Qeyd edək ki, Elvin bir neçə dəfə yaralansa da, döyüşə davam edib. Sonuncu dəfə ağır yaralandıqda isə ayaq, kürək nahiyəsindən qəlpə yaraları alıb, nitqi isə öncə tamamilə itsə də, sonra açılıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR