Qazilərimiz niyə intihar edir? -

Bir müddətdir cəmiyyətimizi silkələyən hadisələrdən birinə çevrilən qazilərin intiharı xəbərləri sözün əsl mənasında qəlbimizi ağrıdır. Onları bu addımı atmağa sövq edən səbəblər və həlli yolları barədə millət vəkillərinin fikirlərini öyrəndik.

Mövzu ilə bağlı Metbuat.az-a danışan millət vəkili Cavid Osmanov deyib ki, qazilərimizin intihar xəbərlərini eşitmək çox təəssüfedici haldır.

Cavid Osmanov

“Biz dünya tarixində baş vermiş istənilən hadisəyə, müharibələrin yekunlarına baxanda görürük ki, belə hadisələr baş verir. Burada əsas məqam ondan ibarətdir ki, hadisələr müharibədən sonra psixoloji durumun bir nəticəsidir. Biz eyni zamanda görürük ki, daxilimizdə olan düşmənlər, ermənipərəst qüvvələr, antimilli qüvvələr, 5-ci kolon xəyanətkar şurası tərəfindən bəzi qazilərimizin psixoloji durumundan öz çirkin niyyətlərinə çatmaq istifadə edərək, onları belə addımlar atmağa təhrik edirlər. Məsələnin üçüncü tərəfi isə odur ki, qaziləri belə davranmağa şərait yaradan hansısa məmurların, şəxslərin laqeydliyidir. Düşünürəm ki, intihar hadisəsinin araşdırması aparılıb, hüquqi qiymət verilərək günahkarlar cəzalandırılacaqlar”.

Millət vəkili onu da xatırlatdı ki, ölkə başçısı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın bütün dövlət strukturları qarşısında bir nömrəli vəzifə həssas qrupa aid olan şəhid ailələrinin üzvləri və qazilərimizin diqqət mərkəzində saxlanılmasıdır.

“Azərbaycan dövləti tərəfindən şəhid ailələrin üzvlərinin, o cümlədən qazilərimizin narahat edən məsələlərin problemlərin həlli istiqamətində çoxlu addımlar atılmışdır. Ölkə başçısının sərəncamı ilə 2021-2025 ci illər ərzində bu həssas qrupa aid olan insanların fərdi evlərlə və mənzillərlə təminatı dövlət proqramı qəbul olunmuşdur. Bu günə kimi 13000-dən çox insan mənzillərlə və yaxud fərdi evlərlə təmin olunmuşdur ki, bunun 3500 təxminən Vətən müharibəsindən sonrakı dövrü əhatə edir. Eyni zamanda qazilərimizin nəqliyyat vasitələrilə təminatı prioritet məsələlərdən biridir. Statistikaya əsasən 7400-dən çox nəqliyyat vasitələri ilə qazilərimiz də təmin edilmişdir. Eyni zamanda, ölkəmizin güclü iqtisadi gücü artdıqca, onlara ödənilən sosial ödənişlər və pensiyaların məbləği artırılmaqda davam edəcəkdir.Bununla yanaşı sağlamlıq imkanları məhdud olan qazilərimizin ən müasir protez başlıqlarla təminatı prosesi də həyata keçirilir. Onların sağlamlığına qovuşması üçün istər ölkə daxilində, istər ölkə xaricində müalicə işlərinin aparılaraq reabilitasiya xidmətinin göstərilir. Dövlət Başçısının sərəncamı ilə yaradılan “Yaşat fondu”nun da bir illik hesabatında gördük ki, bir sıra vacib və əhəmiyyətli məsələlərin həlli istiqamətində çox işlər görülmüşdür. Ölkəmizin 1-ci vitse prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Onların məzuniyyət və iş şəraiti, yaxşılaşdırılaraq, sağlamlığı istiqamətində mühüm addımlar atılır. Bütün bunlar Azərbaycan dövlətinin və həssas qrupa aid olan insanların qayğılarının əhatəli şəkildə həll olunması istiqamətində atılmış mühüm addımlardır”.

Millət vəkili Arzu Nağıyev isə düşünür ki, məhz 30 il həsrətində olduğumuz işğal olunmuş ərazilərimiz 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş qələbə məhz şəhidlərimizin, eyni zamanda qazilərimizin hesabına başa gəlib. Arzu Nağıyev də təsdiq edir ki, müharibədən sonra belə psixoloji travmaların yaranması mümkündür.

Arzu Nağıyev

“Mən özüm də Birinci Qarabağ veteranıyam. Mən də müharibədən qayıtdıqdan sonra müəyyən qədər bu proseslərin iştirakçısı olmuşam. Ona görə də çox yaxşı bilirəm ki, döyüşdən qayıtmış, eyni zamanda hansısa əzasını itirmiş insan hansı psixoloji vəziyyətdə ola bilər. Belə olan halda hər bir əsgərə zabitə qarşı diqqətli olmaq lazımdır. Bu psixoloji sindromunu aradan qaldırmaq üçün mütləq şəkildə onlarla işləmək mütləqdir. Ümumiyyətlə hər bir müharibədən qayıdan şəxs düşünür ki, əlində silah o vətən üçün əlindən gələni edib və ona qarşı biganəlik olmalı deyil. Qazilərin məşğulluqla təmin olunması istiqamətində addımlar atan zaman onların sağlamlıq imkanları da nəzərə alınmalıdır. Yəni hər bir qaziyə, həssas təbəqədən olan vətəndaşa qarşı fərdi yanaşılmalıdır. Düşünürəm ki, bu hadisələrdən sonra problemləri qabartmaq əvəzinə həlli istiqamətində çözüm tapmaq lazımdır. Problemlərin nə olduğunu bilirik və bu istiqamətdə onlara köməklik göstərmək lazımdır. Yəni həm dövlət qurumları, həm qeyri hökumət təşkilatları, ümumiyyətlə bu problemlərin çözülməsində iştirak edən hər bir Azərbaycan vətəndaşı qazilərin yanında olmalıdır”.

Arzu Nağıyev qeyd etdi ki, bu gün dövlətimiz birmənalı şəkildə hər bir müharibə iştirakçısının qazisinin yanındadır. Onlara bütün lazımi imtiyazlar verilir.

“Qazilərlə işləyən hər bir dövlət qurumu, məmurlar da dərk etməlidirlər ki, onun qarşısında psixoloji gərginliyi olan bir əsgər, zabit durub. Hər bir halda ona qarşı xüsusi diqqət göstərilməlidir. Azərbaycan dövləti hər bir həssas təbəqədən olan vətəndaşın yanındadır. Onların əlilliyinin və işlə təmin edilməsinin həmçinin təqaüdlərinin verilməsi dövlətin məhz birmənalı şəkildə yerinə yetirdiyi əsas məqamlardır. Bilirsiniz ki, bu istiqamətdə də çox ciddi işlər görülür. Təbii ki, çətinliklər də var. Ona görə də bunun qarşısını almaq istiqamətində dövlətlə bərabər hər bir qurum da öz məsuliyyətini dərk edib, onların psixoloji durumunu məhz təhlil etdikdən sonra qazilərə yardımlar göstərilməlidir”.

Jurnalist Asəf Quliyev mövzuya münasibətində bildirdi ki, müharibənin insan şüurunda buraxdığı izlər danılmazdır. Amma bu psixoloji travmanı aradan qaldırmaq üçün psixoloji dəstək lazımdır. Ekspertin sözlərinə görə, bu heç bir halda “Vyetnam sindromu”ndan və “Əfqan sindromu”ndan yaranan psixoloji diskomfort deyil.

Bəs niyə bu gün baş verənləri “Vyetnam sindromu” , “Əfqan sindromu” ilə eyniləşdirmək cəhdi var? Asaf Quliyev deyir ki, burada naşılıq bilməməzlik elementləri və düşünülmüş yayındırma da var.

Asəf Quliyev

“Baş verənləri “Vyetnam sindromu” , “Əfqan sindromu” kimi cəmiyyətə təqdim etmək əsas səbəbdən diqqəti yayındırmaq üçündür. Nə Vyetnamda vuruşan ABŞ əsgəri, nə də Əfqanıstanda vuruşan SSRİ əsgəri belə qəbul edilmirdi. Bu Vyetnamdan və Əfqanıstandan qayıdanlarda mənəvi-psixoloji diskomfort yaradırdı. Əksinə, Azərbaycan əsgəri mənəvi-psixoloji baxımdan çox rahatdır. Bəs necə olur ki, bütün cəmiyyət bu insanlara sayğı ilə yanaşır, amma problemlər qalır? Axı necə olur ki, hansısa qazi və yaxud şəhid ailəsi hər cürə qayğı ilə əhatə olunur, amma bir başqası laqeyidlikdən, diqqətsizlikdən gileylənir və hətta intihar edir? Bax problemin kökü burdadır. Bunu araşdırmaq lazımdır. Bu problem təkcə qazilərlə bağlı deyil. Qarabağ müharibəsində şəhid olanların ailələri, sağlamlığını itirənlər və müharibədən sağ-salamat qayıdanların hamısını əhatə olunmalıdır”.

Hərbi ekspert Ədalət Verdiyev hadisələrə münasibətində söylədi ki, döyüşçüləri qızışdırmaq əvəzinə onları sakitləşdirib düzgün yol göstərmək lazımdır.

Ədalət Verdiyev

“Mənim fikrimcə hansı şəxslər ki müharibədə iştirak etməyib, Qarabağda döyüşən oğlanları dinləməlidirlər. Heç bir halda intihar çıxış yolu, doğru seçim deyil. Bizim qazilərimiz öz haqları uğurunda səbrlə, qanun çərçivəsində mübarizə aparmağa çalışmalıdırlar. Mən öz nömrəmi sosial şəbəkədəki səhifəmə qoymuşam ki, hansı qazinin sosial, psixoloji problem varsa, mənə zəng etsin. Bütün imkanlarımla çalışacağam ki, onlara gücüm çatan köməklikləri edim. Biz problemi ört-basdır edəriksə, hansısa vəzifəli şəxsin müdafiəsinə qalxarıqsa, o zaman problem daha da dərinləşər. Bu problemlərin həllilə bağlı təkliflərim var, amma təəssüf ki, bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdindəki əlillərin bərpa və reablitasiya mərkəzi istisna olmaqla, heç bir dövlət qurumu məni dinləməyib. Bir daha qeyd etmək istəyirəm ki, hansısa vicdanı olmayan, insanlıq hisslərindən məhrum məmura görə qazinin intihar etməsi qəbuledilməzdir. Erməniyə qalib gələnlər qanun çərçivəsində vicdan yoxsullarına qarşı da mübarizə aparıb qələbə əldə edə bilərlər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR