Azərbaycan hərbi əməliyyata başlayacaq? - Bu şərtlər yerinə yetirilməzsə... /

44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra hələ də dərs almayan Ermənistan tərəfinin atəşkəs rejimini pozması, tez-tez Qarabağın statusu barədə söz açmaları Azərbaycan tərəfinin diqqətindədir.

Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə də bu məsələyə toxunaraq qeyd etdi ki, status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir:

"Son vaxtlar Ermənistan rəhbəri yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusla nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq".

Bəs Erməni silahlıları Qarabağdan çıxmasa, Azərbaycan hərbi əməliyyata başlayacaq?

Metbuat.az-a məsələni şərh edən hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerin yetirməsə, ordumuzun anti-terror və ya təmizləmə əməliyyatl keçirməsi ehtimalı var:

"Ermənistan tərəfinin Azərbaycanla sərhəddə intensiv olaraq atəşkəsi pozması birmənalı olaraq Azərbaycana qarşı ərazi iddiaları mənasını daşıyır. Belə iddialar, atəşkəs pozulmaları əvvəllər də olub və nə ilə nəticələndiyi də hər kəsə məlumdur. Ermənistan tərəfi Prezidentin 6 ayın yekunlarına dair həsr olunan müşavirədə səsləndirdiyi fikirlərə diqqətlə yanaşmazsa, üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirməməkdə davam edərsə, bu zaman Azərbaycan tərəfinin "dəmir yumruğu" işə salmaqdan başqa çıxış yolu qalmır. Deməzdim ki, burada Ermənistan ordusunun potensialı Azərbaycan ordusuna qarşı hər hansı hərbi əmliyyatlarda iştirak etməyə imkan verir. Amma Azərbaycan ordusunun anti-terror və ya təmizləmə əməliyyatı keçirməsi ehtimalı çox böyükdür".

Ədalət Verdiyev: “Qələbəmiz gənclərimiz üçün bir örnək oldu”

"Bu əməliyyatların başlayıb-başlamayacağı isə daha çox Ermənistan tərəfindən asılıdır. Əgər silahlılar ən qısa müddətdə torpaqlarımızdan çıxarılmasa, Naxçıvanla ikitərəfli maneəsiz əlaqəmizi təmin edən dəhliz açılmasa, Azərbaycanda olan əhali doğma yurd-yuvalarına (rusların müvəqqəti nəzarətində olan ərazilərdə yerləşən ərazilərə) qayıtmazsa, o zaman bu zaman anti-terror və ya təmizləmə əməliyyatlarının keçirilməsi mütləq olacaq", - deyə hərbi ekspert vurğulayıb.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR