Ötən gün Ermənistan erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib. Müdafi Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, bu təxribatların 7-si Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən edilib. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov Metbuat.az-a bildirdi ki, Ermənistanın bu addımları atacağı məlum idi. Azərbaycan isə ordusunu inkişaf etdirməklə hər bir əməliyyata artıq hazırdır:
"Burada təəccüblü heç nə yoxdur. Biz bilirik ki, Ermənistanda dövlət demək olar ki, çox böyük təsir altındadır. Həm xaricdən idarə olunan daxili revanşist qüvvələr, həm də xarici təsir göstərən digər güc mərkəzlərindən erməni diasporu adıyla müəyyən böyük dövlətlər burada - Cənubi Qafqazda sülhün bərqərar edilməsində, bu prosesin yenidən alovlanmasında maraqlıdırlar və olacaqlar.
Ona görə də Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan Silahlı Qüvvələrinin qısa zamanda bütün döyüş sursatları və digər itkiləri bərpa etmək, Azərbaycan Ordusunu ən müasir silahlarla təmin etmək, inkişaf prinsiplərində məhz Türkiyə modelinə uyğunlaşdırmaq üçün böyük islahatlar gedib. Ermənistanın Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən, ərazi bütövlüyünü təmin etdikdən sonra bu regionda sabitliyin itirilməsi üçün müəyyən addımları atacağı nəzərə alınıb.
44 günlük qələbədən sonra Azərbaycan ordusunda yeni "komando" tipli hərbi hissələrin yaradılması, büdcədən orduya ayrılan xərclərin artması məhz gələcəkdə ola biləcək təxribatlara qarşı atılan addımlardır. Bizim heç bir narahatlığımız yoxdur. Dövlət sərhədlərində Ermənistanla olan hərbi hissələrimiz yetəri qədər hazırlıqlı, təminatlıdır. Ən əsası, Ermənistan tərəfindən atılan hər hansı təxribata qarşı öz ərazilərimizi müdafiə etməyə qadirik".

Şair Ramaldanov
Ekspert bildirir ki, hər bir halda bu məsələdə uduzan tərəf Ermənistan olacaq:
"Sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə məhz son zamanlar atəşkəsin tez-tez pozulması ilə bağlı Prezident bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çox ciddi xəbərdarlıqlar etdi. Bu xəbərdarlıqların əks-sədası olaraq hətta Paşinyan Zəngəzurla bağlı olan məsələnin həllini, Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu, indiyə kimi də Ermənistan dövlətinin xalqını aldatması ilə bağlı fikirlər də deməyə məcbur olub. Əlbəttə, bu, reallıqdır və Paşinyan bunu dilinə gətirdi.
İlham Əliyev çıxışında artıq “qırmızı xətt” məsələsi, Azərbaycan dövləti, ordusunun bundan sonra da Ermənistanın təxribatlarına çox ciddi və adekvat cavab verəcəyi ilə bağlı son xəbərdarlıqlarını etdi.
Düşünürəm ki, bu məsələyə Rusiya da diqqətini yetirib və sentyabr ayına kimi məsələnin həlli ilə bağlı Azərbaycan Prezidentindən vaxt istəyiblər. Sentyabr ayında onlar tərksilah ediləcəklər, orada silahlı bölmələr olmayacaq. Mən düşünürəm ki, bu günlərdə təxribatların sıx-sıx olması onu göstərir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi artıq bu prosesi nəzərat altında saxlaya bilmir ya da ki, özlərini aciz göstərməklə guya atəşkəsin pozulmasını müəyyən təsir dairələrinin işi olduğunu deyirlər. Onlar bu yolla öz çirkin niyyətlərini gizlədirlər.
Hər iki halda Azərbaycan dövləti, Ali Baş Komandan öz mövqeyini artıq səsləndirib. Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır. Prezidentin müharibə zamanı dediyi məşhur bir cümləsi vardır: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Bilir ki, onun əmrini ordumuz yerinə yetirəcək, xalqımız isə bir yumruq kimi onun ətrafında birləşəcək. Uduzan tərəf yenə Ermənistan olacaq".
Antiterror əməliyyatlarına gəlincə, Şair Ramaldanov bildirir ki, bu əməliyyatlar hər an ola bilər, amma ordumuz buna hazırdır:
"Bilirəm ki, cəmiyyət çox narahatdır. Amma düşünürəm ki, bu əməliyyatlar hər an keçirilə bilər və ordumuz buna hazırdır. Əsas odur ki, nə Azərbaycan xalqının, nə Prezidentin, nə də Ordunun buna heç bir şübhəsi yoxdur.
Əgər 30 ilin sonunda faciə ilə rastlaşan Ermənistan cəmiyyəti yenə də bunu yaşamaq istəyirsə, o zaman "dəmir yumruq" yenidən işə düşəcək. Maraqlı bir atalar sözü var: keçinin buynuzu qaşınanda çobanın çomağına sürtər. O çomaq da "dəmir yumruq" formasında öz işini görərək keçiyə yerini göstərəcək".
Gülər Seymurqızı