Vətən müharibəsində yaralanan kiçik gizir Hüseyn Mustafayev hazırda huşsuz vəziyyətdədir və heç kimi tanımır. Uzun müddət Azərbaycanda və Türkiyədə müalicə olunsa da, səhhətində ciddi dəyişiklik baş verməyib.

Metbuat.az xəbər verir ki, qazimizin qızı ilə birgə sosial şəbəkədə görüntüləri yayılıb. Belə ki, qazi Hüseyn Mustafayev hələ də huşsuz vəziyyətdə olduğuna görə, hətta anasını və qızını da tanımır.

Qeyd edək ki, Hüseyn Mustafayev 2012-ci ildən MAXE kimi Azərbaycan silahlı Qüvvələrində xidmət edir. Nümunəvi xidməti və yüksək fiziki hazırlığı ilə seçildiyi üçün müvafiq kursu bitirərək Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil edilib. Bir sıra beynəlxalq hərbi təlimlərdə iştirak edib.

Vətən müharibəsinin 2-ci günündə kəllə beyin travması alan H. Mustafayev xidmət etdiyi hərbi hissənin hospitalında müalicə alıb və döyüşə qatılıb. Daha sonra Füzuli istiqamətində yaralansa da, yenə ön cəbhədə xidmətini davam etdirib. Şuşanın azadlığı uğrunda əməliyyatlarda fəal iştirak edib. Minamyot mərmisindən partlaması nəticəsində ağır zədə alıb.