Dələduzların yeni "taktikası":

"Dələduzluğun yenə də mənbəyi elan saytlarıdır".

Metbuat.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas məlumat verib. O bildirib ki, elan saytlarnda məlumat paylaşan şəxslər dolandırılıb:

"Son günlər çox aktualdır məsələ. Mənə yazan zərərçəkənlər, 2500, 5000 AZN itiriblər. Dələduzluğun yenə də mənbəyi elan saytlarıdır. Amma metod bu dəfə fərqlidir. Satışa qoyulan əşyalara xarici nömrələrdən alış üçün mesajlar gəlir. Lakin bu dəfə dələduzlar ənənəvi olaraq kart məlumatı istəmirlər. Satışa qoyduğunuz məhsulu almaq üçün sizdən şəxsiyyət vəsiqənizi istəyirlər ki, guya real adam olduğunuzu yoxlasınlar.

Siz onlara vəsiqənizin şəklini göndərəndə, FIN kodunuz vasitəsilə bir-bir mobil bankların tətbiqlərində şifrə bərba əməliyyatları edib, müştərisi olduğunuz bankı tapırlar. Daha sonra sizi manipulyasiya edib, guya ödəmə etmək üçün nömrəyə gələn kodu istəyirlər. Zərərçəkmişlər heç bir bank məlumatı vermədiyini düşünürək, rahatlıqla həmin kodu qarşı tərəfə deyirlər.

Beləcə, bank tətbiqi dələduzun əlinə keçir və dələduz hesablarınızın hamısına giriş edərək "card to card" əməliyyatlara başlayır".

Onun sözlərinə görə, bu yolla dələduzların qurbanı olan vətəndaşlar 3000-5000 manat həcmində vəsait itiriblər:

"İnsanlar 3000-5000 manat həcmində vəsaitləri elan saytlarında itiriblər. Sonuncu dəfə mənə yazan 3 zərərçəkənin itirdiyi məbləğin cəmi 12.000 manatdan çoxdur. Ölkə xaricindən edilən bu dələduzluqlar böyük bir mafiya və dələduz qruplaşması tərəfindən idarə olunur. Çox təəssüflə bildirirəm ki, bu itən pulları 99% hallarda geri qaytarmaq mümkün deyil".

Texnobloger bu yolla dolandırılmamaq üçün tövsiyələr verib:

"Elan saytlarında kiber hücum qurbanı olmamaq görmədiyiniz adama məhsul satmayın, "WhatsApp" və zəng ilə sizinlə əlaqəyə keçənlərə kart məlumatlarızı verməyin. Həmçinin alıcıya şəxsiyyət vəsiqənizi göndərməyin. 3D təhlükəsizlik kodunu qardaşınız da olsa ona göstərməyin. Bu kod yalnız və yalnız kart sahibi üçün olur".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR