Cənubi Qafqazda sabitlik Putinin maraqlarına uyğun gəlmir -

Son günlər Ermənistan tərəfi öz ordusunu Qarabağdan çıxarmağa cəhd etsə də, Rusiya tərəfi buna mane olacaq addımlar atmaqda davam edir.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov Metbuat.az-a mövzunu şərh edərək bildirdi ki, Ermənistan – Azərbaycan arasında danışıqlar prosesinin dayanmasına səbəb hər iki tərəfin iradəsinə zidd güclərin təsiridir. Politoloq deyir ki, Ermənistan - Azərbaycan arasında sülh müqaviləsinin imzalanması Rusiyanın Cənubi Qafqaz siyasətinə uyğun gəlmir.

Samir Hümbətov

“Rusiya bütün gücü ilə çalışır ki, tərəflər arasında münaqişə davam etsin. Ermənistan tərəfinin Qarabağdan separatçı qruplaşmaların hələ də çıxarılmaması Rusiyanın maraqlarına ziddir. Proseslərin mərkəzində Rusiya dayanır. Əgər Rusiya istəsəydi ki, regionda sülh və sabitlik hökm sürsün Ermənistan çoxdan masaya oturmağa razı olacaqdı”.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Dr. Yücel Karauz isə hesab edir ki, Rusiya 10 noyabr 2020-ci il Bəyanatına əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir.

"Anlamırlarsa, biz başa salarıq" -

Yücel Karauz

“Rusiya səmimi davranmamaqda məqsədi Ermənistanın təxribatçı hərəkətlərinin qarşısını almamaq və ikili standartlar sərgiləməkdir. Bunu hər kəs bilməlidir ki, hər hansı terrorçu qruplaşmaya, silahlı dəstəyə qarşı tədbirlər görmək məsuliyyəti birbaşa Rusiya sülhməramlılarının üzərinə düşür. Lakin Rusiya sülhməramlıları nəinki bu təxribatların qarşısını alır, əksinə özləri də təxribatlar törədirlər. Ümumiyyətlə, ötən iki il ərzində Rusiya sülhməramlıları sülhə və sabitliyə xidmət etməyib”.

Politoloq Məhəmməd Əsədullazadə isə düşünür ki, Azərbaycan Qarabağdan erməni silahlı birləşmələrinin çıxarılmasını qeyd-şərtsiz həyata keçirməlidir.

Məhəmməd Əsədullazadə

“Yaxın zamanda ABŞ-ın vasitəçiliyi ilə Prezident İlham Əliyevlə Nikol Paşinyanın danışıqlar aparmaq üçün görüşü planlaşdırılır. Rusiya tərəfi bundan narahatdır. Məhz bu səbəbdən də Rusiyanın provakasiya yönümlü davranışları davam edir. Qarabağda erməni silahlı birləşmələrinin çıxarılması qeyd-şərtsiz həyata keçirilməlidir. Rusiya tərəfi ancaq 10 noyabr Birgə Bəyannamənin, 11 yanvar və 26 noyabr Bəyannamələrinin şərtini yerinə yetirmək üçün Yerevana quru söz söyləməkdən o tərəfə keçmir. Yəni danışıq var amma icra yoxdur. Düşünürəm ki, Rusiya yalnız prosesi tormozlamağa xidmət edir. Cənubi Qafqazda xüsusilə Ermənistan - Azərbaycan məsələsi böhran dövrünü yaşayır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR