"Pelosi hər zaman qatı ermənipərəstdir" -

"Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana “planlaşdırılmamış” səfəri təbii olaraq Azərbaycanda diqqətlə izlənilir. Ermənsitanın Azərbaycanla sərhəddə törətdiyi növbəti təxribatı fonunda xanım Pelosinin İrəvandakı nitqi bizim üçün də maraqlı idi. Hərçənd ki, bu nitqin nədən ibarət olacağı hər bir kəsə kifayət qədər aydın idi. Aydın idi ona görə ki, Pelosi hər zaman qatı ermənipərəstdir və karyerasının böyük bir hissəsini anti-Azərbaycan, anti-Türkiyə mövqeyində olub".

Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı və YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirib. Onun sözlərinə görə, dünya mediasında Pelosinin Ermənistana səfəri planlaşdırılmamış səfər kimi təqdim olunur:

"Kifayət qədər ciddi təhlükəsizlik protokolları olan ABŞ-ın yüksək səviyəli rəsmisinin harasa təsadüfi səfəri mümkün deyil. İkincisi, Pelosinin Ermənistana səfəri qlobal səviyyədə ABŞ-ın etdiyi növbəti gedişdir. Ukraynada müharibənin başlaması üçün əlindən gələni edən, Pelosinin Tayvan səfəri ilə yeni bir münaqişə mərkəzi yaratmağa cəhd edən, Yunanıstanı ciddi şəkildə qızışdıraraq Türkiyə ilə savaşa təhrik edən, Kipr üzərindən silah embarqosunu götürən ABŞ indi öz rəsmisini Ermənistana səfərə göndərir və bunu “planlaşdırılmamış” adlandırır. Bəlkə də Amerikanın klounu olan Paşinyanı Azərbaycanla sərhəddə provakasiyalar törətməyə məcbur edən də elə ABŞ-ın özüdür. Görəsən sərhəddə Ermənistanın törətdiyi növbəti təxribatın ABŞ Dövlət Departamentinin Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Rikerin Ermənistanda səfərdə olan zaman baş verməsi də təsadüfdürmü?! Siyasətdə heç vaxt təsadüflər olmur.

Təsadüfi olmayan başqa bir məqam da içərimizdə olan radikalların aktivləşməsidir. Xarici dairələrə bağlılıqları gün kimi aydın olan bu qüvvələrin səsləndirdiyi bəyanatlar demək olar ki, erməni rəsmilərinin və anti-Azərbaycan dairələrin bəyanatları ilə eynilik təşkil edir. Əslində burada qəribə bir şey yoxdur. Çünki tezislər eyni mərkəzdən və dolayısı yolla sifarirşlər də eyni yerdən gəlir. Bizim içərimizdə olan beşinci kolonun nümayəndələrinin kefləri indilərdə yaxşıdır. Çünki bu aralar onları maliyyələşdirən dairələr böyük səxavətlilik göstərirlər. Heç bir dəyər anlayışı olmayan içimizdəki xainlər, pul xatirinə ruhlarını satmışlar şəhidlərimizin ruhlarına hörmət etməyərək vətəni də satırlar. Əgər diqqət etsək istər içərimizdə olan siyasi meyitlərin, istərsə də xaricdə yaşayan söyüş bloqerlərinin eyni havanı oynadıqlarını görərik. Çünki, musiqini çalan eyni musiqiçilərdir. Hər tərəfdən Azərbaycan dövlətinə təzyiq etməyə cəhd edirlər. Bunlar hamısı cəhd olaraq qalacaq. Çunki Azərbaycan güclü dövlətdir, onun müzəffər Ali Baş Komandanı var, xalqımız dövlətçiliyimiz və vətənimiz üçün son damla qanına qədər vuruşmağa hazırdır" - deputat bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR