AMB Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan banklarına təsirini açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan bank sisteminə təsirini açıqlayıb.

AMB-dən Metbuat.az-a verilən məlumata görə, bu ilin birinci yarısında yerli bankların sanksiyaya məruz qalan Rusiya banklarında vəsaitlərinin az olması sanksiyaların Azərbaycan bank sisteminin maliyyə dayanıqlığına təsirini məhdudlaşdırıb.

“Rusiya-Ukrayna münaqişəsi nəticəsində banklar müxbir hesablarla əməliyyatların aparılmasında müəyyən maneələrlə üzləşsə də, bu münaqişənin Azərbaycan banklarının müxbir hesablarla əməliyyatlarına təsiri məhdud olub”, - AMB-dən bildirilib.

Qeyd edilib ki, mövcud geosiyasi gərginlik nəticəsində qlobal enerji daşıyıcıları bazarında qiymətlərin artımı neft-qaz ixracatçısı olaraq ölkənin tədiyə balansına müsbət təsir göstərir. Enerji qiymətlərindəki artım və Avropaya qaz ixracında potensial artım imkanları ortamüddətli perspektivdə ixracı və fiskal gəlirləri artıra bilər.

Geosiyasi proseslərin təsiri ilə yüksələn ərzaq qiymətləri və tədarük zəncirində yaranmış çətinliklər qlobal inflyasiyanın səviyyəsini artırmaqda davam edir. Qlobal ərzaq qiymətlərinin artması idxal kanalı ilə yüksək inflyasiyanın daxili qiymətlərə ötürücülüyünü artırır.

AMB-dən o da vurğulanıb ki, ölkəmizin Rusiya və Ukrayna ilə sıx ticarət əlaqələri mövcud olsa da, hazırda geosiyasi proseslərin bu iki ölkə ilə Azərbaycanın ticarət və iqtisadi əlaqələrə əhəmiyyətli təsiri müşahidə edilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR