Əmək qanunvericiliyinin tətbiqinə nəzarət sahəsində Moldova ilə təcrübə mübadiləsi aparılır -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi xanım Corina Ajder ilə görüş olub.

Metbuat.az-a Nazirlikdən verilən məlumata görə, C.Ajder Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində ölkəmizdə səfərdədir.

Görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev əmək qanunvericiliyinin tətbiqinə nəzarət mexanizminin innovativ həllərin tətbiqi əsasında təkmilləşdirilməsi istiqamətində son illər aparılan islahatlar barədə məlumat verib.

Fəaliyyət və xidmətlərin rəqəmsal infrastruktur üzərində qurulması istiqamətində görülən işlər, vahid əmək münasibətləri platforması olan “Əmək və Məşğulluq” altsisteminin funksionallığı, onun əmək bazarına gətirdiyi yeniliklər, işçi və işəgötürənlər üçün faydaları diqqətə çatdırılıb.

Əmək qanunvericiliyinə əməl olunmasına e-sistem üzərindən nəzarət imkanlarının yaradıldığı, iş yerlərində sağlam, təhlükəsiz əmək şəraitinin yaradılmasına yönələn tədbirlər, bu istiqamətdə idarəetmə sistemini müəyyən edən milli standartların hazırlanması işləri qeyd olunub.

C.Ajder Moldovada əmək münasibətləri, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində görülən işlərdən bəhs edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir və təcrübə mübadiləsi aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında imzalanan yeni əməkdaşlıq sənədində əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət işinin təşkili və təkmilləşdirilməsi, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün preventiv tədbirlərin həyata keçirilməsi, iş yerlərində təhlükəsizlik və risklərinin qiymətləndirilməsi sahələrində də əməkdaşlığın həyata keçirilməsi əksini tapır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR