“Senzura indeksi” təşkilatı

“Senzura indeksi” təşkilatı
İNDEX on Censorship
https://www.indexoncensorship.org/

Təşkilatın missiyası, fəaliyyət istiqamətləri

“Senzura indeksi” təşkilatının yaradılması ideyası 1968-ci ildə şair Stiven Spender və tərcüməçi Maykl Scammell tərəfindən irəli sürülüb. İki sovet dissidenti - Pavel Litvinov və Larisa Boqorazın - dünya ictimaiyyətinə ünvanladıqları açıq məktub bu təşkilatın yaradılması üçün ideya rolunu oynayıb. Sovet dissidentləri onları mühakimə edən məhkəmənin qanunsuzluğundan, ədalətsizliyindən, siyasi sifarişlə işləməsindən şikayətlənir, dünya ictimaiyyətindən müdafiə üçün yardım istəyirdilər. “İndex” Sovet dissidentlərinin gərgin həyatları barədə təsəvvür yaratmaq üçün qeyd edirdi ki, onlardan biri - Yuri Qalanskov məhbus düşərgəsində şübhəli şəkildə dünyasını dəyişib. Təşkilatın nəzdində 1972-ci ildə yaradılan rüblük “İndex” jurnalı repressiyaya uğramış yazıçılara həsr olunmuş 252 nömrə dərc edib. Jurnalın ilk nömrəsində sovet dissidenti, Nobel mükafatı laureatı Aleksandr Soljenitsının cəzaçəkmə düşərgəsində yazdığı, heç vaxt dərc olunmamış şeirləri yayımlanmışdı.

İNDEXonCensorship yarandığı ilk illərdən etibarən, söz azadlığını əsas insan hüququ kimi elan edib. Bütün dünyada söz azadlığı uğrunda mübarizə aparan və müdafiə edən qeyri-kommersiya təşkilatı kimi tanınıb. Təşkilat hesab edir ki, hər kəs öz fikrini, siyasi və dini baxışından asılı olmayaraq, zərər və təqib qorxusu olmadan azad şəkildə ifadə edə bilməlidir.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyir ki, “Senzura İndeksi”ni söz və ifadə azadlığını müdafiə edən digər təşkilatlardan fərqləndirən başlıca amil onun müdafiə arenasının təkcə media və jurnalistlərlə məhdudlaşmamasıdır. Təşkilat senzuraya məruz qalan yazıçıları, şairləri, rəssamları da müdafiə dairəsinə alır. Onların əsərlərini dərc etməklə diqqəti bu mövzuya çəkir. Beynəlxalq debatlar təşkil edir, söz azadlığına olan təhdidləri müzakirəyə çıxarır.

Təşkilatın mərkəzi ofisi London şəhərində yerləşir. İcraçı direktoru Jodi Qinsberqdir.

Strukturu və mandatı

“Senzura indeksi” ilk illərdə repressiyaya uğramış sovet şair və yazıçılarının müdafiəsi üçün nəzərdə tutulmuşdusa da, sonradan bütün dünya ölkələrini əhatə edib. Cənubi Avropa dövlətlərində, xüsusən, Yunanstanda, Latın Amerikası ölkələrində repressiv hərbi rejimlər haqqında hesabatlar hazırlamaqda fəallıq göstərib. 1990-cı illərdə yenidən postsovet və Şərqi Avropa ölkələri üzərində fokuslaşıb.

2009- 2010-cu illərdə Əfqanıstan, Birma, İraq, Tunis və bir çox başqa ölkələrdə hədə-qorxu, repressiya və senzura şəraitində işləyən jurnalistləri, yayımçıları, sənətçiləri, yazıçıları dəstəkləmək üçün fəaliyyət göstərib.

“Senzura İndeksi” senzura ilə mübarizə yolunda ilk addım kimi azad sözün dəyəri barədə məlumatlılığın artırılmasını görür. Təşkilat azad sənət proqramlarını təşviq edir. Sosial- siyasi dəyişikliklərin sənətçilərə təsirini araşdırır, özünü senzuranın dərəcəsini qiymətləndirir.

Gəncləri ifadə azadlığı ilə bağlı debatlara cəlb etmək üçün incəsənətdən istifadə edir, təcrid olunmuş icmalarla işləyir.

Senzura İndeksi ifadə azadlığını təşviq etmək üçün yalnız çap və onlayn formada yayımlanan məqalələrdən faydalanmır. Təşkilat ifadə azadlığını ehtiva edən fotoşəkillər, filmlər, videoçəkilişlər, təsviri incəsənət əsərləri, tamaşalar sifariş verir, mövzu üzrə beynəlxalq səviyyəli sərgilər hazırlayır. Məsələn, İraqda qadınların yaratdıqları foto hekayələrdən ibarət sərgi keçirib. Böyük Britaniyadakı qaçqın və miqrant icmalarından olan rəssamlarla onların mənşə ölkələrində qalan rəssamların təmasını təmin edən platforma yaradıb.

Index, həmçinin Birmanın yaradıcı cəmiyyətini dəstəkləmək üçün proqram yaratmış, ölkənin sürgün edilmiş rəssamları və naşirləri ilə işləmişdir. Böyük Britaniyada yaşayan keçmiş Birmalı siyasi məhbusların həyat hekayələrini birləşdirərn “Yeddi İllik Ağır Əmək” tamaşasını sifariş vermişdir.

Index on Censorship dünyanın ən məşhur yazıçılarının əsərlərinin yer aldığı rüblük jurnal nəşr edir. Bu jurnalda azad sözə yaradıcı yanaşan məqalələr dərc edilir.

Təşkilat korporativ saytında söz azadlığına qarşı olan qlobal təhlükələr barədə məlumatlar yayır. Bu məlumatları sosial media hesabları, sosial şəbəkələr vasitəsilə daha geniş auditoriyaya çatdırır.

Metodologiyası

“Index on Censorship” hesab edir ki, azad söz tolerant cəmiyyət qurmaq üçün töhfə verir.Təşkilat dünyada söz azadlığına qarşı ciddi təhlükə sayılan hadisələrin illik siyahısını hazırlayır. Bu təhdidlərin aradan qaldırılması üçün geniş təbliğat kampaniyaları aparır. Öz kampaniyalarındaorijinal metodlardan istifadə edir. Söz azadlığının dəyərini daha yaxşı anlatmaq üçün debatlar təşkil edir. Bu debatları bəzən qəflətən etməklə effekt qazanır. Məsələn, tamaşalar, sərgilər, konsertlər zamanı haşiyə çıxılıb söz azadlığı mövzusunda təşkil edilən debatlara üstünlük verir. .

“Senzura İndeksi” məqsədlərinə çatmaq üçündiğər media və yainsan haqqları təşkilatlarının kampaniyalarının birləşməsindən də istifadə edir. İfadə azadlığı sahəsində çalışan böyük qruplar, o cümlədən Amnesty International, Amerika Vətəndaş Azadlıqları İttifaqı (ACLU), Liberty, English PEN, PEN International, Human Rights House Network və IFEX kimi bir çox digər qruplarla əməkdaşlıq edir.

İfadə Azadlığı Mükafatları

“İndex on Censorship təqaüdü”vasitəsilə senzuraya məruz qalmış qrupları və şəxsləri dəstəkləyir. Təqaüd jurnalistika, incəsənət, rəqəmsal vəkillik sahəsində əhəmiyyətli işlərə imza atmış tələbələrə verilir.

Maliyyə Qaynağı

Index on Censorship öz işində sponsorların və oxucuların dəstəyinə əsaslanır, müxtəlif mənbələrdən maliyyə alır. Müstəqil fəaliyyətin təminatı üçün “Müstəqil qəyyumlar şurası” tərəfindən təmin edilir. Təşkilatın saytında qeyd edilib ki, sponsorlar təşkilatın siyasətinə qarışa bilməzlər. Sponsorlar qrant vermək şərti ilə Qəyyumlar şurasında təmsilçilik tələb edə bilməzlər. Hazırda Qəyyumlar Şurasına Ser Trevor Phillips, Keyt Maltby, Ceyms Qud, Endryu Franklin, Sara Sands daxildirlər.

Təşkilat UNESCO, Avropa Komissiyası , Demokratiya üçün Milli Fond , Açıq Cəmiyyət İnstitutundan yardımlar alır. Meta- Facebook, Google, Twittervə s. kimi geniş maliyyə və təbliğat imkanları olan təsisatlarda hesabları var.

Bütün bunlarla yanaşı qeyd olunmalıdır ki, “Senzura indeksi”ninhadisələrə selektiv yanaşmasının metodologiyası tam aydın deyil. Təşkilatın hədəf seçdiyi mövzuların seçim kriteriyası məlum olsa da, onun hədəf seçdiyi regionlar və ölkələr üzrə prioritetlərininmüəyyən edilməsi metodları şəffaf deyil. Müəyyən ölkələrə və müəyyən hadisələrə yanaşmasında konyuktura müşahidə edilir.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.

Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.

Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı