Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü və iştirakı ilə Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda II Soçi görüşü baş tutdu. Səfər zamanı diqqət çəkən məqam isə liderlərin üçtərəfli görüşünün yekunları ilə bağlı qəbul etdikləri Soçi bəyanatı oldu.
Görüşün detalları barədə danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov Metbuat.az-a bildirdi ki, sözügedən təkliflərə baxdıqda və onu kağızdan oxuduğunu diqqətə aldıqda məlum olur ki, Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlər yalnızca özünə məxsus deyil və o həm də Rusiyanın arzularını da ifadə edir.
Samir Hümbətov
“Ümumiyyətlə belə qənaətə gəlmək olar ki, Soçi görüşü öncəsi Azərbaycanın Xankəndi şəhərində keçirilən mitinqdə Rusiya bayrağının da dalğalanması, Putinin “Valday” diskusiya klubunda verdiyi məlum açıqlama və Paşinyanın “təkliflər”i məqsədli şəkildə Azərbaycana qarşı yönələn hərəkətlərdir. Bütün bunlara baxmayaraq, Azərbaycan prezidenti cənab İlham Əliyev “Qarabağ münaqişəsi tarix oldu” deməklə və yekun Soçi bəyanatının müddəalarına nəzər saldıqda məlum olur ki, qarşı tərəflə heç də istəklərinə nail ola bilmədilər, əksinə Azərbaycanın mövqeyi ilə razılaşmalı oldular”.
Bəs Soçi görüşünü ümumilikdə Azərbaycan üçün uğurlu hesab etmək olarmı?
Bu suala cavabında politoloq Turan Rzayev bildirdi ki, birgə bəyanatda tərəflər bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək həllinə razılaşdıqlarını bildirərək Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar. Politoloq deyir ki, bununla da tərəflər Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində imzalanacaq istənilən anlaşmanın ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkün olduğunu qəbul etmiş oldu.
Turan Rzayev
“Qeyd edim ki, Soçi bəyanatında Qarabağ və “statusa” dair heç bir ifadə yer almayıb. Halbuki Ermənistan görüşdən öncə bu məsələni gündəmə gətirməyə çalışacağını açıqca bəyan etmişdi. Lakin görüşdən öncə Prezident İlham Əliyev açıqca bəyan etdi ki, “münaqişə iki il öncə başa çatıb və Qarabağ, orada yaşayan ermənilər Azərbaycanın daxili məsələsidir”. Bəyanatda Qarabağ və “status”a dair heç bir ifadənin yer almaması həm də Xankəndidəki son mitinq fonunda separatçıların ümidlərini də puç etmiş oldu. Üçüncüsü, görüşdə 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üzrə üçtərəfli bəyanatların icrası da müzakirə edildi. Tərəflərin qeyd edilən bəyanatların icrasını müzakirə etməsi erməni qoşunların Azərbaycan ərazisindən tam çıxarılması, o cümlədən Zəngəzur dəhlizinin verilməsi öhdəliyinin yerinə yetirilməsinin arxa plana keçmədiyini göstərir. Nəticə etibarilə Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxlaya bilir. Bu, Azərbaycan diplomatiyasının gücüdür”,- deyə T.Rzayev qeyd edib.
Gülbəniz Hüseynli / Metbuat.az