Təl-Əviv və Moskvadan Bakıya telefon zənginin səbəbi -

"İsrail və Rusiya prezidentləri Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevə zəng ediblər. İsrail Prezidenti İsxak Hersoqun zəngi təşəkkür xarakterlidir. O, Təl-Əvivdə səfirliyimizin açılmasını "mühüm dost ölkə və strateji tərəfdaş olan Azərbaycanla" əlaqələrdə "irəliyə doğru böyük bir addım" kimi dəyərləndirir. Vladimir Putinin zənginə gəldikdə, Qarabağın Rusiya hərbi kontingentinin nəzarətində olan hissəsindən ordumuzun mövqelərinin iki gündür ardıcıl atəşə tutulduğunu və bunun nə ilə nəticələnəcəyini təbii ki, Moskvada da bilməmiş deyillər".

Bu barədə Metbuat.az-a açıqlamasında millət vəkili, politoloq Sahib Alıyev bildirib. Onun sözlərinə görə, telefon danışığı haqda rəsmi xəbərdə "üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələlərinin nəzərdən keçirildiyi"nin bildirilməsi o deməkdir ki, söhbət zamanı Rusiyanın Ermənistan ordusunun tör-töküntülərinin Qarabağdan çıxarılmasıyla bağlı üzərinə götürdüyü öhdəlik də xatırladılıb: "Maraqlıdır ki, eyni gündə Türkiyə Prezidenti cənab Ərdoğan da Rusiyanın Moskvada əldə olunan anlaşmaya əməl etməməsinə, Suriyada kontrolu altındakı torpaqlardan terrorçuları təmizləyəcəyinə söz versə də, onu yerinə yetirməməsinə toxunmuşdu. Qarşı tərəf öhdəliyə əməl etməyəndə isə türk ordusu kimi onu özünün reallaşdırmasına ehtiyac yaranır. Yəni bütün hallarda Ermənistan ordusunun tör-töküntüləri Qarabağdan çıxarılmalı və Laçın yolunda "humanitar yük" adı altında silah-sursat daşınması qarışıq bəzi "özfəaliyyət"lərə son qoyulmalıdır".

Millət vəkili Fransanın Avropa Birliyi adından Ermənistana mülki missiya, Kremlin isə Vardanyan soyadlı dələduzu Xankəndinə "dövlət naziri" göndərməsi məsələsinə də toxunub. Bildirib ki, baş verənlər hayları yenə havalandırıb:

"Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsindən ordumuzun Xocavənd, Xocalı, Şuşa, Füzuli və Tərtərdəki, Göyçənin həmişə azərbaycanlılar yaşamış kəndlərindən isə Kəlbəcərdəki mövqeləri İki gündür ki, atəşə tutulur. Sosial şəbəkədə yayılan kadrları yəqin izləmisiniz, çox ehtimal ki, Makronun göndərdiyi missiyanın orada olmasına güvənərək, bəlkə də onların tapşırığı ila özgə vaxtı girməyə deşik axtaran hay "zinvorları" səngərdən çıxıb bir neçə addımlıqdakı əsgərlərimizə küçə söyüşləri söyərək onları təxribata çəkməyə çalışırlar. Belə görünür ki, artıq növbəti cavab əməliyyatının vaxtı yetişib. Ermənistan ordsunun Rusiya hərbi kontingentinin bəlli yerində gizlənən tör-töküntüləri ya tamam zərərsizləşdirilməli, ya da Qarabağdan rədd edilməlidirlər. Göyçədən Kəlbəcərdəki mövqelərimizin atəşə tutulmasının tam qarşısını almağın yolu isə azərbaycanlıların ora-öz dədə-baba yurd yerlərinə qaytarılmalarından keçir. Şanlı ordumuzun bu missiyanı da şərəflə yerinə yetircəyinə əminəm. Kremlin "dövlət naziri" göndərdiyi dələduz Vardanyan ona verilən tapşırıqların icrasına Qarabağda yeni "rus mərkəzi" açmaqla başlayıb. Açsın, amma ən yaxşı halda oradan qaçmaqla da "missiyası"nı bitirəcək. Açdığı mərkəzdə isə gələcəkdə hətta Ukrayna dili də öyrədilə bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR